Çin Honq Konq parlamentində birbaşa seçilən qanunverici sayını kəskin şəkildə azaldıb. Bu da onsuzda ərazinin çətin vəziyyətdə olan demokratiya hərəkatı üçün əlavə bir geriləmədir.
Dəyişiklik çərşənbə günü Çinin ali parlamentində keçirilən iki günlük iclasdan sonra elan edilib.
Yeni quruluşa əsasən, parlamentdəki yerlərin sayı 90-a çıxarılacaq, amma onların yalnız 20-si ictimaiyyət tərəfindən seçiləcək. Hazırda 70 üzvlük parlamentin yarısı birbaşa insanlar tərəfindən seçilir.
Bu addım Honq Konqda siyasi etirazları və müxalifəti yatırmaq üçün aparılan iki mərhələli səylərin bir hissəsidir. Honq Konq Çinin bir hissəsidir, amma keçmiş Britaniya müstəmləkəsi olaraq daha liberal siyasi sistemə sahibdir. Çin ötən il Honq Konqa milli təhlükəsizlik qanunu tətbiq edib və bu il də seçki prosesinə dəyişiklik edib.
Bu təqiblər 2019-da aylarla davam edən demokratiya tərəfdarı etirazlardan sonra təqbiq edilib. Həmin etirazlar zamanı yüzlələ insan küçələrə axışmışdı, hökumət isə etirazçıların tələblərinə müqavimət göstərdiyi üçün etirazlar zorakı hal almışdı.
“Bu gün Honq Konq üçün çox kədərli bir gündür. Seçki sistemi tamamilə dağıdıldı,” keçmiş qanunverici və Demokratik partiyanın üzvü Emili Lau bildirib.
Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi bu dəyişiklikləri həyata keçirmək üçün Honq Konq konstitusiyasını dəyişib. Honq Konq hökumətinə hazırda seçki qanunlarını dəyişmək və seçki keçirmək tapşırılıb.
Hazırda 70 üzvük olan parlamentdə üzvlərin yarısını adi seçicilər, digər yarısını isə müxtəlif peşələri və maraq qruplarını təmsil edən seçici dairələri seçir. Bu seçici dairələrinin çoxu isə Pekin tərəfdarıdır ki, bu da onların parlamentdə çoxluq təşkil edəcəyini təmin edəcək.
Yeni parlamentə isə ictimaiyyət tərəfindən 20 üzv, seçici dairələri tərəfindən 30, Seçki Komitəsi tərəfindən isə 40 üzv seçiləcək. Bundan əlavə Seçki Komitəsi indi olduğu kimi şəhərin liderini də seçəcək.
1200-dən 1500 üzvə qədər artırılacaq komitənin əksəriyyətini Pekinin mərkəzi hökumətinin tərəfdarları təşkil edir.