Accessibility links

ABŞ-da koronavirusa ilk yoluxma halı haqda məlumat verilib


Ümumdünya Səhiyyə Təşkilatı Çində artıq 9 nəfərin ölümü və ölkə hüdudlarından kənarda yüzlərlə insanın xəstəliyi ilə nəticələnən yeni koronavirusun yaranması ilə əlaqədar çərşənbə günü təcili iclas keçirəcək.

Qlobal səhiyyə agentliyi Vuhan şəhərində meydana gələn bu xəstəliyin qlobal səviyyədə səhiyyə sahəsində fövqəladə vəziyyət olaraq elan edilib-edilməməsini nəzərdən keçirəcək.

Təsdiqlənmiş halların sayının 15-i tibb işçisi olmaqla, 440 nəfərə çatdığı və Vuhandan Pekinə, Şanxay və Quanqdon əyalətinə yayıldığı bildirilib. Xəstəliyin Yaponiya, Cənubi Koreya, Tayland, Tayvanda yayıldığı, çərşənbə axşamı isə ABŞ-da ilk xəstənin şimal-qərb ştatı olan Vaşinqtonda aşkar edildiyi deyilib. Ştatın səhiyyə işçilərinin dediyinə görə, keçən həftə Vuhandan Sietla qayıdan bir şəxs pnevmoniya diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Çinin səhiyyə ekspertləri "2019-nCoV" adlanan yeni virus növü haqqında məlumatlarının az olduğunu bildirib. Onlar virusun Vuhanda toyuq əti, yarasa və digər quşların, eləcə də heyvan ətinin satıldığı dəniz məhsulları bazarında baş qaldırdığından şübhələnir.

Çinin Milli Səhiyyə Komissiyası bazar ertəsi pnevmoniyaya səbəb olan virusun təkcə heyvanlardan insanlara deyil, insanlardan insanlara da keçə biləcəyini bəyan edib.

Dünya aeroportları virusun qarşısının alınması üçün Vuhandan gələn bütün səyahətçiləri araşdırmağa başlayıb. Səhiyyə ekspertləri şənbə günündən başlayacaq Çin təqvimi ilə Yeni İl bayramını qeyd etmək üçün ölkə daxilində və xaricə səyahət etməyi planlaşdıran milyonlarla Çin vətəndaşının xəstəliyə yoluxma ehtimalından narahatdırlar.

XS
SM
MD
LG