Accessibility links

Çin Sincanda iki keçmiş rəsmiyə separatizm ittihamı ilə ölüm hökmü çıxarıb


Çinin şimal-qərbindəki Sincan bölgəsində iki keçmiş hökumət rəsmisi separatçılıqda ittiham olunaraq edam cəzasına məhkum edilib.

Sincan Ali Xalq məhkəməsi sədrinin müavini Van Lanqtao çərşənbə axşamı jurnalistlərə Səttar Savut və Şirzat Bavudun hökmünün icrasına iki illik möhlət verildiyini bildirib. Bu kimi cəzalar adətən ömürlük həbs cəzası ilə əvəz olunur.

Keçmiş təhsil rəsmisi Səttar Savut etnik separatizm zəminində zorakılıq, terrorizm və dini ekstremizmin uyğur dilində məktəb dərsliklərinə salınmasında günahlandırılıb.

Sincan regional ədliyyə idarəsinin keçmiş başçısı Şirzat Bavudun Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror qrupu siyahısına salınan Şərqi Türküstan İslamçı Hərəkatının üzvləri ilə işbirliyi qurmaqda və həmçinin “qızının toyunda qanunsuz dini fəaliyyətlər həyata keçirməkdə” günahkar bilinib.

Pekin Sincanda geniş təhlükəsizlik kampaniyası başladıb ki, bu da Sincanda azlıqda olan uyğur, qazax və digər müsəlman qruplarının bir milyondan çox üzvünün saxlanılmasına səbəb olub. Çin hökuməti saxlanılanlara iş peşə bacarıqları öyrədildiyini və onların Pekin əleyhinə düşüncələrdən uzaqlaşdırıldığını bildirib. Uyğurlara qarşı rəftarı soyqırım kimi qınayan ABŞ bu mövqeyə kəskin etiraz bildirir.

Bayden administrasiyası müttəfiqləri ilə Çinin Sincanda müsəlman uyğurlar və digər etnik azlıq qruplara qarşı rəftarı və Hong Kongda demokratiya naminə hərəkatın iştirakçılarına qarşı təqiblərlə əlaqədar olaraq Pekində 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarının mümkün boykot edilməsi ilə bağlı danışıqlar aparıdığını bildirib. Çin hökuməti çərşənbə günü Qış Olimpiya Oyunlarını boykot etməməsi barədə Vaşinqtona xəbərdarlıq edib.

XS
SM
MD
LG