Accessibility links

Çin və Rusiya dezinformasiyanın yayılmasında təcrübə mübadiləsi edir


Yeni araşdırmanın nəticələri göstərir ki, Kreml və Çin Kommunist Partiyası Qərbdə siyasi parçalanmaları gücləndirməyə və demokratiyaya inamı sarsıtmağa yönəlmiş informasiya müharibəsinin formalaşdırılması və aparılmasını bir-birindən öyrənirlər.

Vaşinqtonda yerləşən Avropa Siyasətinin Təhlili Mərkəzinin bildirdiyinə görə, açıq əməkdaşlığa dair yalnız məhdud sübutlar olsa da, iki tərəfin ritorikasının üst-üstə düşdüyü görünür.

2019-cu ilin sonunda Çinin Vuhan şəhərində koronavirusa ilk yoluxma halı ortaya çıxdıqdan sonra aparılan dezinformasiya kampaniyalarına diqqət yetirən mərkəzin hesabatında bildirilir ki, Pekinin məlumat müharibəsi Rusiyanın “dezinformasiya kitabçası” olaraq xarakterizə edilən taktikalardan istifadə olunmaqla başlayıb. Buna əsasən dezinformasiya diskurslarının, alət və üsullarının təkrar istifadəsi daxildir. Lakin hazırda Rusiya və Çin bir-birindən yeni taktikalar da öyrənirlər.

Tədqiqatçılar Ben Dubov, Edvard Lukas və Ceyk Morris bildirir ki,"Covid-19 pandemiyası zamanı Çin Kommunist Partiyası peyvəndlərin effektivliyi və virusun mənbəyi haqqında dezinformasiya yaymağa başladı. Bu isə Pekinin daha çox Tibet, Honq kimi Çinə aid məsələlərə diqqət yetirdiyi əvvəlki dezinformasiya kampaniyalarından fərqli idi.

"Ritorikaların üst-üstə düşməsi və dezinformasiyanın daimi artımı Çinin özünəməxsus xüsusiyyətlərini əlavə edərək Rusiya taktikasını izlədiyini göstərir. Rusiya da Çinin yanaşmasından bəzi xüsusiyyətlər öyrənir" deyən müəlliflər həmçinin bildirir ki, “Çin və Rusiyanın informasiya müharibəsi taktikaları arasında ən böyük fərq ondan ibarətdir ki, Çin diskursun ardıcılığına diqqət edir. Rusiya isə yalanların bombardmanı kimi xarakterizə edilə bilən strategiyasını davam etdirir. Çinin daha çox resursa malik olmasına baxmayaraq, bu fərq Çinin ritorikasının ictimai rəyi dəyişməsinə və ya cəmiyyətləri qütbləşdirməsinə mane olur”.

Avropa Siyasətinin Təhlili Mərkəzinin tədqiqatçıları araşdırmaları çərçivəsində Rusiya və Çin hökumət rəsmilərinin, eləcə də dövlət tərəfindən maliyyələşdirilən media qurumlarının sosial media mesajları və 2020-ci ilin martından 2021-ci ilin martına qədər internetdə dərc olunan minlərlə məqaləni bir yerə toplayıblar.

Rusiya və Çin tərəfindən həyata keçirilən dezinformasiya fəaliyyətləri ilə bağlı digər qruplar və akademik qurumların da araşdırmaları bu tətqiqatda yer alıb.

Araşdırma dərc edilməzdən bir gün əvvəl Meta qrupa daxil olan Facebook və Instagram Çinin təsir əməliyyatı ilə əlaqəsi olan 600-dən çox sosial media hesabını sildiyini açıqlayıb. Bu hesablar ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına Covid-19 pandemiyasına görə Çin hökumətini ​günahlandırması üçün təzyiq etdiyini iddia edirdi.

Araşdırma həmçinin Çinin dezinformasiya kampaniyalarının ABŞ-ın keçmiş prezidenti Donald Trampın koronavirusun Vuhandakı laboratoriyadan sızması ilə bağlı ittihamlarına cavab olaraq gücləndiyi də ortaya çıxıb. Məlumata görə, ABŞ kəşfiyyatı virusun laboratoriyadan sızması ehtimalını prezident Co Baydenə çatdırdıqdan sonra Çin dezinformasiya kampaniyasına daha çox diqqət yetirməyə başlayıb.

Üstəlik hesabatda göstərilir ki, 2021-ci ilin may ayında mərkəz ofisi Londonda yerləşən, lakin Moskvanın nəzarətində olan bir sosial media qrupu Fransa və Almaniyadakı sosial media fenomenlərinə ödəniş qarşılığında Pfizer peyvəndinə qarşı dezinformasiya kampaniyası başlatmağı təklif edib.

Tədqiqatçılar Çin və Rusiya arasında informasiya sahəsində yaxınlaşmanın limitlərinin olduğunu da vurğulayır. Belə ki, Çin daha tutarlı və sərt ritorikanı izləyir ki, bu da Çin Kommunist Partiyası tərəfindən çatdırılan mesajlar üzərində daha çox nəzarətə imkan verir. Digər tərəfdən isə Kreml hədəf auditoriyaya uyğun hazırlanmış kontenti işıqlandırmaqda daha uğurludur.

XS
SM
MD
LG