Çin Xalq Respublikasının vətəndaşları Liu Yiming və Yang Kun barələrində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin martın 9-da Azərbaycandan qaçaqmalçılıq yolu ilə vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maskalarla bağlı yayıdığı məlumatın həqiqətə uyğun olmadığını bildirir.
“Mən, Liu Yiming Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin tələbəsiyəm və bir neçə ildir ki, Bakı şəhərində yaşayıram. Martın 3-də Ren adlı tanışım mənə tibbi maskalar vermiş, yataqxanada saxlamağımı xahiş etmiş və onları tezliklə məndən götürəcəyini bildirmişdi. Bundan bir neçə gün sonra polislər yaşadığım yerə gələrək əsassız olaraq orada axtarış aparmış və tibbi maskaları aşkar edərək götürmüş, məni isə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada izahat verərək tibbi maskaların tanışıma məxsus olduğunu və mənə saxlanmaq üçün verildiyini bildirmiş və təqsirim olmadığı üçün azad buraxılmışam.”
Bu barədə Liu Yiming və Yang Kunun Amerikanın Səsinə yazdığı məktubda deyilir.
Daxili İşlər Nazirliynin mətbuat xidmətinə istinadən çoxsaylı medianın, o cümlədən Amerikanın Səsinin yaydığı xəbərdə deyilir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxsləri saxlayıb. Ümumilikdə dəstə üzvlərindən 1,050,000 ədəd tibbi maska götürülüb.
Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin məlumatına görə, İran vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulub. Həmçinin Çin vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maskalar onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Arif İsmayılov saxlanılıb.
Çin vətəndaşları Amerikanın Səsinə bildirib:
“Artıq bir neçə ildir ki, Azərbaycan Respublikasında tələbəyəm, təhsil haqqı və yaşayış xərclərim Çin Xalq Respublikası tərəfindən ödənilir. Haqqımda mətbuatda gedən həqiqətə uyğun olmayan məlumatlar nüfuzuma ciddi xələl gətirmiş, ailəm, dostlarım, tələbə yoldaşlarım arasında narahatçılığa səbəb olmuşdur. Bu məlumatların Çinin Azərbaycandakı Səfirliyi vasitəsilə Çin dövlətinə çatdırılması ehtimalı böyükdür, bu isə mənim təhsil və yaşayış xərclərimi ödəyən dövlətə xəyanətim kimi qiymətləndirilir. Əlavə olaraq həmçinin bildirməliyəm ki, həmin şəkil və videolarda Çin üz cizgilərinə malik olan dostum Yang Kun da cinayətkar dəstənin bir üzvü kimi göstərilib. Halbuki, həmin şəxs sadəcə mənim dostum olmaqla mənə tərcüməçilikdə köməklik göstərib. Bu baxımından da Yang Kunun hüquqları pozulmuşdur. Bir daha qeyd olunmalıdır ki, göstərilən cinayətkar fəaliyyətlə heç bir əlaqəmiz yoxdur və tibbi maskalar Liu Yimingin tanışına məxsus olmaqla Liu Yiming yaşadığı evə sadəcə saxlanılmaq üçün qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.”