Beynəlxalq jurnalistlər qrupu Çin hökümətinin Sincan ərazisindəki repressiv düşərgələrdə daxili iş rejimini göstərən gizli sənədləri dünya mətbuatına yayıb. Bu, o ərazi ilə əlaqəli sızdırılan 2-ci çox nadir sənədlər toplusudur.
Beynəlxalq Təhqiqatçı Jurnalistlər Konsorsiumu (ICIJ) tərəfindən bazar ertəsi günü yayımlanan məlumat noyabrın 16-da New York Times qəzetinin Çinin etnik uyğurlara və bölgədəki digər müsəlmanlara basqın etməsinin təfərrüatlarını ortaya qoyan gizli sənədlər toplusunun davamı olaraq hazırlanmışdır.
Birləşmiş Millətlər Təşkilatının ekspertləri və fəalları bildirir ki, ən azı 1 milyon uyğur və digər müsəlman etnik qruplarının üzvləri Sincandakı düşərgələrdə həbsdə saxlanlılır.
Əldə edilən digər sənədlərdə polisin suni intellektlə işləyən kütləvi məlumat toplama və təhlil sistemi vasitəsi ilə Sincan sakinlərini kateqoriyaya bölərək həbs etməsi haqqında kəşfiyyat məlumatları da ortaya çıxıb.
Bazar ertəsi keçirilən mətbuat konfransında Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Shuang Sincanın Çinin daxili məsələsi olduğunu və bu sənədlər vasitəsi ilə sabit və çiçəklənən Sincana böhtan atıldığını deyib.
Digər tərəfədən isə Çinin Londondakı səfirliyi "The Guardian" qəzetinin Beynəlxalq Təhqiqatçı Jurnalistlər Konsorsiumu üzvü olan əməkdaşına "sızdırılan sənədlər sırf uydurma və saxta xəbərlərdir" - deyə, bildrib.
Qeyd edək ki, Reuters xəbər agentliyi bu sənədlərin orijinallığını yoxlaya bilməyib.
Sızıntılar Çinin Sincan bölgəsindəki insan hüquqları ilə əlaqəli vəziyyətlə əlaqədar artan beynəlxalq səs-küy fonunda baş verib. ABŞ da daxil olmaqla, 30-dan çox ölkə bunu "dəhşətli repressiya kampaniyası" adlandıraraq qınayır.
Lakin bütün bunlara baxmayaraq, Pekin Sincandakı uyğurlara və ya digər müsəlman etnik qruplara qarşı bu rəftarı rədd edərək, İslam ekstremizmi və separatizmə mane olmaq və onlara yeni peşələrlə bağlı təhsil verdiyini deyir.