Accessibility links

12 ölkənin hərbi qərargahlarının rəhbərləri Myanmada dinc əhaliyə qarşı güc tətbiq edilməsini qınayıb


Birləşmiş Ştatlar da daxil olmaqla, ondan çox ölkənin hərbi qərargahlarının rəhbərləri şənbə günü yaydıqları bəyanatda Myanmada dinc demokratiya tərəfdarlarına qarşı ölümcül silahlardan istifadə edilməsini qınayıb.

“Professional hərbi qüvvələr beynəlxalq davranış standartlarına əməl edir və xidmət etdiyi insanlara zərər vermək deyil, onları qorumaq kimi cavabdehlik daşıyır” – deyə, bəyanatda bildirilir.

“Biz Myanmanın Hərbi Qüvvələrini zorakılığa son qoymağa və öz hərəkətləri nəticəsində Myanma xalqı arasında itirdiyi hörməti və inamı bərpa etmək üçün çalışmağa çağırırıq”, bəyanatda qeyd edilir.

Şənbə günü ölkədə zorakılıqlardan sonra açıqlanan bəyanat Avstraliya, Britaniya, Kanada, Danimarka, Almaniya, Yunanıstan, İtaliya, Yaponiya, Nederland, Cənubi Koreya və Yeni Zelandiyanın hərbi qərargahlarının rəhbərləri tərəfindən dəstəklənib.

Myanmada şənbə günü hərbi xuntanın ölkə boyu demokratiya tərəfdarı nümayişçilərə qarşı qəddar basqıları nəticəsində 100-dən çox adam öldürülüb. Bu, fevralın 1-də hərbi çevrilişdən sonra başlamış etirazlar zamanı ən çox ölümlə nəticələnən gün olub.

BMT-nin Baş katibi Antonio Quterreşin sözçüsü martın 27-də açıqladığı bəyanatda onun “Myanma təhlükəsizlik qüvvələri tərəfindən uşaqlar və gənclər də daxil olmaqla onlarla insanın öldürülməsini ən kəskin şəkildə qınadığını” və hərbi qüvvələri zorakılıq və repressiyalara yol verməməyə çağırdığını bildirib.

Myanmar Now xəbər saytının verdiyi məlumata görə, ölkə boyu ölənlərin sayı 114 nəfər olub. Associated Press agentliyi Yanqonda qərargahlanan müstəqil mənbəyə əsasən, öldürülənrlərin sayının 107 nəfər olduğu haqda məlumat verib.

Xəbər agentlikləri ölkənin mərkəzindəki Saqainq regionunda, şərqdəki Laşio şəhərində, Yanqon yaxınlığındakı Baqo regionunda və digər yerlərdə mülki əhalinin təhlükəsizlik qüvələri tərəfindən öldürüldüyü haqda məlumat verib.

Myanmanın hərbi rejimi güc nümayiş etdirərək, şənbə günü paytaxt Naypidavda İkinci Dünya Müharibəsində Yaponiya işğalına qarşı yerli müqavimətin başlanması kimi qeyd edilən Silahlı Qüvvələr Günü münasibəti ilə böyük parad keçirib.

Birləşmiş Ştatlar və Britaniya cümə axşamı Myanmanın hərbi xuntasına qarşı sanksiya tətbiq edib, ordu tərəfindən idarə edilən biznes şirkətləri qara siyahıya daxil edilib.

Şərhlərə bax

XS
SM
MD
LG