65 yaşlı Xıdırnazar Allakulov qarşısına bir məqsəd qoyub: Sosial Demokrat Partiyasının "Həqiqət və İnkişaf" adlı yeni hərəkatı ilə Özbəkistanın siyasi mənzərəsini dəyişməyi hədəf alıb.
Lakin "pis" və "vətəndaşlarına dəyər verməyən və onlara heç bir şəkildə xidmət etməyən" bir sistemdə islahatlara başlamazdan əvvəl Allakulov və partiyası yeni hərəkatın tanınmasına nail olmalıdır.
"Həqiqət və İnkişaf" özünü 2021-ci il martın 8-də bir partiya olaraq elan edib və tərəfdarlarının təxminən 20000 imzası ilə qeydiyyatdan keçmək üçün aprelin 7-də müraciət edib. Ədliyyə Nazirliyinin müraciəti nəzərdən keçirməsi və cavab verməsi üçün bir ay vaxtı var.
Özbəkistanda 2021-ci ilin oktyabrın 24-də keçiriləcək prezident seçkilərinə təşviqat iyul ayında başlayır. Əgər adı seçki bülleteninə düşərsə, Allakulov partiyasından namizəd ola bilər.
"Mən mövcud konstitusiya əleyhinə deyiləm və niyyətim onu devirmək deyil. Mən hazırkı rəhbərliyə və Özbəkistanın hazırda idarə olunmasına qarşıyam" - deyə, Allakulov bildirib.
1991-ci ildə müstəqillik qazandıqdan sonra Orta Asiyanın digər ölkələri kimi Özbəkistan da Sovet hakimiyyətinin mirasından qurtarmağa çalışdı. Ölkəni 27 il, 1989-cu ildən 2016-cı ilə qədər İslam Kərimov dəmir yumruqla idarə etdi. Onun yerinə gələn Prezident Şavkat Mirziyoyev Özbəkistan siyasətində islahatlar aparmağa başladı və bəzi səlahiyyətləri icraedicidən Ali Məclisə vermək qərarına gəldi.
Hazırda Özbəkistanda beş siyasi partiya var. Onlar platformaları haqqında açıq danışır və təşəbbüslərini parlamentə təqdim edirlər. Parlamentin sədri Tənzilə Narbayeva hətta Ali Məclisin indi müstəqil olduğunu deyir. O, "Prezident aparatından belə göstəriş almırıq" desə də, həmin partiyanın liderləri olan millət vəkillərindən heç biri prezidentə qarşı çıxmağa cürət etmir və beşi də hakim elitanın ayrılmaz hissəsidir.
Daşkənddə Amerikanın Səsinə müsahibə verən Allakulov Özbəkistanda korrupsiyalaşmış hökumətə qarşı çıxan yeganə adam olduğunu deyib. O, 14 məhkəmə işi ilə diktaturaya qalib gəlib və şikayətini BMT-yə göndərib. Allakulovun tərəfini saxlayan BMT Özbəkistan hökumətinə qanuni öhdəliklərini xatırladıb.