Özbəkistan rəsmiləri yerli jurnalisti azad edib, lakin vəkili onun istintaq altında olduğunu bildirib. Jurnalist Bobomurod Abdullayevin həbsi ABŞ tərəfindən tənqidlərə səbəb olmuşdu.
ABŞ-ın Özbəkistandakı səfiri Daniel Rozenblum bu ayın əvvəlində Bobomurod Abdullayevin işi ilə əlaqədar "dərin narahatlıq" ifadə etdib və onun azad edilməsinə çağırmışdı. Jurnalist Özbəkistanın müraciəti əsasında qonşu Qırğızıstanda saxlanmışdı.
Abdullayev Qırğızıstan mediasına Özbəkistanın yüksək səviyyəli rəsmiləri arasında korrupsiya ilə bağlı məlumat yayan anonim Facebook hesabının arxasında olmaqda günahlandırıldığını deyib. Jurnalist bu ittihamları rədd edir.
Özbəkistanın dövlət təhlükəsizlik xidməti ittihamların mahiyyətini nə təsdiq, nə də inkar etməyb, lakin Abdullayevin şənbə günü Qırğızıstandan təhvil verilməsi və vəkilin iştirakı ilə dindirilməsindən sonra bazar günü evinə qayıtmasına icazə verildiyini bildirib.
Vəkil Sergey Mayorov Reuters xəbər agentliyinə Abdullayevin istintaqa qədər sərbəst buraxıldığını deyib. Vəkilin bildirdiyinə görə, açıqlama verməmək barədə razılaşmaya əsasən, onun ittihamların mahiyyətini şərh etməsinə imkan verilmir.
Dövlət təhlükəsizlik xidməti həmçinin Abdullayevin azad edildiyinə görə prezident Şavkat Mirziyoyevə təşəkkür etdiyi və ölkə rəhbərliyinə hücum xarakterli materiallar yayımlamadığını bildirdiyi video yayıb.