Accessibility links

Ümid Şükri: ABŞ-ın Xəzər regionunda siyasətində enerjinin aktiv rol oynayacağını gözləyə bilərik


Ümid Şükri: ABŞ-ın Xəzər regionunda siyasətində enerjinin aktiv rol oynayacağını gözləyə bilərik
please wait

No media source currently available

0:00 0:10:39 0:00

Enerji diplomatiyası və təhlükəsizliyi üzrə ekspert Ümid Şükrinin bu yaxınlarda Birləşmiş Ştatlarda nəşr edilmiş “ABŞ-ın Xəzər hövzəsində enerji diplomatiyası – 2001-ci ildən bəri dəyişən dinamika” kitabında ABŞ-ın Cənubi Qafqaz və Xəzər hövzəsində xarici siyasətində enerjinin rolu təhlil edilir. Ekspert kitabında prezidentlər Corc Buş oğul, Barak Obama və Donald Trampın administrasiyaları dövründə, eləcə də hazırkı Bayden administrasiyasının xarici siyasət prioritetləri və enerjinin rolunun müqayisəli şəkildə təhlilini verib.

Ümid Şükri Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionunun ABŞ-ın xarici siyasətində həm enerji, həm də geo-siyasi baxımdan önəm daşıdığını qeyd edib. O, ABŞ-ın regionda enerji siyasətinin bölgə ölkələrinin suverenliyi və müstəqilliyinin dəstəklənməsi və Rusiyadan asılılığa son qoyulması prisinplərinə əsaslandığını qeyd edərək, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin Birləşmiş Ştatların enerji siyasətində prioritetlərinin nəticəsi olaraq göstərib.

“Bu siyasətin əsas məqsədi ondan ibarət idi ki, Xəzərdə olan resurslar, Xəzər sahilində olan ölkələr Rusiyaya, İrana bağlılıq olmadan orada olan resursları dünya bazarına çıxarsınlar. Azərbaycan bunun ən yaxşı nümunəsi idi ki, Azərbaycan Amerikanın siyasi dəstəyini alaraq, həm Bakı-Tbilisi-Ceyhan xətti ilə neftini beynəlxalq bazara çıxardı, həm də Cənub Qaz Dəhlizi sayəsində TAP və TANAP kimi layihələr kimi təbii qazı Şah Dənizdən ilk öncə Türkiyə bazarına, ondan sonra isə Avropa Birliyi bazarına göndərə bildi.”

Bu siyasətin əsas məqsədi ondan ibarət idi ki, Xəzər sahilində olan ölkələr Rusiyaya, İrana bağlılıq olmadan orada olan resursları dünya bazarına çıxarsınlar.

Prezident Co Bayden yanvar ayında hakimiyyətə gəldiyi zaman qlobal iqlim dəyişikliyi, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi məsələlərinə prioritet veriləcəyinə söz verib. ABŞ prezidentinin bu yaxınlarda açıqladığı 2 trilyon dollarlıq infrastruktur planında qlobal iqlim dəyişikliyi probleminin ünvanlanması məqsədilə yaşıl infrastrukturun genişləndirilməsi önə çəkilib. Ümid Şükri infrastruktur planında irəli sürülən təkliflərin Bayden administrasiyasının enerji siyasətinə tədricən təsir göstərəcəyini qeyd edib. O, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi sahəsində ABŞ və Azərbaycan arasında əməkdaşlıq üçün perspektivlərin olduğunu düşündüyünü deyib.

“Bu sahədə Mərkəzi Asiyada, Qafqazda və Azərbaycanda günəş və külək enerjisi üçün çox gözəl potensial var. Amerika şirkətləri Mərkəzi Asiya, Qafqaz və Azərbaycana gələ bilər, həm texnologiya sata bilər, həm də Azərbaycan şirkətləri ilə bərabər burada yeni elektrik stansiyası, elektik enerjisi istehsalı potensialına malik olan Azərbaycan bunlara yatırım yatıra bilər, bərabər ortaq layihələri icra edə bilərlər. Bayden Obama, Buş, Tramp kimi beynəlxalq əlaqələrdə Amerikanın enerji şirkətlərinin maraqlarını qorumaq, Amerikanın milli enerji təhlükəsizliyini qorumaqla yanaşı, eyni zamanda daha çox Amerikanın yeniləşən enerji şirkətlərinə bazar açmaq, bunlara yeni texnologiyalar vermək, bunlara yeni imkanlar yaratmaq və yeni bank kreditləri vermək istəyir ki, Çin şirkətləri ilə rəqabət imkanına malik olsunlar.”

Enerji ekspertinin bildirdiyinə görə, Birləşmiş Ştatlar regionda Cənub Qaz Dəhlizi kimi layihələrə siyasi dəstəyi davam etdirəcək.

“Türkmənistandan təbii qazın Azərbaycan üzərindən Avropaya getməsinə yenə siyasi dəstəyi verəcək. Lazım olsa müəyyən səviyyədə maliyyə dəstəyi də verə bilər. Bu, Qazaxıstan, Azərbaycan və Türkmənistanla münasibətləri daha da dərinləşdirə bilər, həm də bunları hər zaman dəstəkləyəcək ki, onlar enerji resurslarını Xəzərdə və öz ərazisində İran və Rusiyanın müdaxiləsi olmadan bazara sata bilsinlər və Avropa şirkətlərinin bu üç ölkəyə gəlməsinə kömək etməyə çalışacaq.”

Ümid Şükri Birləşmiş Ştatların Mərkəzi Asiya və Xəzər bölgəsində ölkələrlə xarici siyasətində enerjinin önəmli rol oynamağa davam edəcəyini qeyd edib. O, ABŞ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın güclü potensiala malik olduğunu bildirib.

“Bundan sonra da enerji və enerji ixracatı Amerikanın xarici siyasətində dünyanın hər yerində daha aktiv rol oynacaq və bunu da yaxın gələcəkdə Amerikanın Xəzər və özəlliklə Azərbaycanda siyasətində görə biləcəyik.”

Enerji ekspertinin sözlərinə görə, neft və enerji layihələrinə siyasi dəstək verməklə yanaşı, ABŞ-ın yenilənən enerji, elektrik avtomobillərin istehsalı kimi sahələrdə texnoloji və maliyyə yardımı göstərməsi mümkün ola bilər. Ümid Şükri həmçinin ABŞ və Azərbaycan şirkətlərinin Qarabağda bərpa işlərində birgə iştirak etməsinin mümkünlüyünü qeyd edib.

“Azərbaycanın Qarabağın bərpasında xarici texnologiya, xarici mənbələrə ehtiyacı var. Amerika şirkətlərinin də özəlliklə yenilənən və təmiz enerji baxımından resursları var ki, Azərbaycan Qarabağın bərpasında, xüsusilə də Şuşa kimi və digər şəhərlərdə Amerika texnologiyalarından və maliyyə resurslarından faydalana bilər. Həm enerji, həm də infrastruktur məsələsində iki ölkə arasında münasibətlər yaxın gələcəkdə güclü potensiala malikdir və iki ölkə də mənim bildiyimə görə, potensialdan faydalanmağı hədəfləyib və bunu həm orta müddətli perspektivdə, həm də uzun müddətdə görə biləcəyik.”

Birləşmiş Ştatların Xəzər regionunda diplomatiyasının mürəkkəb geo-siyasi aspektlərinin araşdırıldığı “ABŞ-ın Xəzər hövzəsində enerji diplomatiyası – 2001-ci ildən bəri dəyişən dinamika” kitabı xarici siyasət, beynəlxalq münasibətlər və enerji siyasəti sahəsində ekspertlər və geniş akademik çevrələr üçün nəzərdə tutulub.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG