Pandemiyanın başlamasından sonra bir sıra ölkələr tərəfindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlər nəticəsində iqtisadi fəaliyyətlərin məhdudlaşdırılması qlobal iqtisadiyyatda böhrana gətirib çıxararaq, bir sıra sektorlar, xüsusilə də enerji sektoruna öz təsirini göstərib. Neft qiymətlərinin ilin əvvəlində kəskin düşməsi fonunda ekspertlər qlobal enerji bazarında dirçəlişlə bağlı proqnozların nikbin olmadığını bildirirdi. Enerji diplomatiyası və enerji təhlükəsizliyi məsələləri üzrə ekspert Ümid Şükri Amerikanın Səsinə müsahibəsində enerji sektorunda durumu şərh edərək aktivliyin bərpası üçün vaxtın tələb olunduğunu vurğulayıb. O, karantin tədbirlərinin iqtisadi fəaliyyətləri məhdudlaşdırdığı şəraitdə aprel-may aylarında neft qiymətlərinin kəskin düşməsindən sonra enerjiyə tələbatın azalması fonunda enerji bazarında ağır durumun yarandığını qeyd edib.
“Aprel, may aylarında gördük ki, ilk dəfə olaraq enerji tarixində neft qiymətləri mənfi oldu və bu bütün ölkələri qorxutdu, özəlliklə neft istehsal edən və satan ölkələri çox qorxutdu. OPEK ölkələri bir araya gəldi və qərara gəldilər ki, neft qiymətlərinin daha da aşağı düşməsinin qarşısını almaq üçün bütün ölkələr, hər ölkə qərar aldı ki, istehsalı azaltsın. Və istehsalı azaltmaqla neft qiytmətləri stabil oldu.”
Ümid Şükri həmin dövrdə enerji sektorunun dirçəlməsi ilə bağlı perspektivlərin qeyri-müəyyən göründüyünü bildirib. Ekspert hazırda koronavirusa qarşı vaksinlərin tətbiq edilməsinə başlanılması ilə iqtisadiyyatın dirçəlməsi, eləcə də enerji sektorunda yaxın zamanlarda aktviliyin yüksəlməsi ilə bağlı ümidlərin artdığını, lakin iqtisadi dirçəliş üçün vaxtın tələb olunduğunu vurğulayıb.
“Bu, qısa müddətdə olacaq bir şey deyil. İstər enerji sektoru, istər sənaye sektoru olsun, bunun üçün vaxt lazımdır. Vaksinlərin bütün ölkələrdə yayılması lazımdır. Xasusilə də Çin və Hindistan kimi daha çox enerji istehlak edən ölkələrdə vaksinlərin tətbiqi lazımdır. Vaksinlər bütün ölkələrə paylaşılırsa, iqtisadi inkişaf artacaq və 1-2 il içində dünya iqtisadiyyatı koronavirusdan öncəki duruma gələ bilər.”
Ekspert enerji sektorunda pandemiyadan öncəki səviyyədə aktivliyin bərpasının epidemiyanın yayılmasının tam nəzarətə alındığı halda və bunun növbəti 2-5 il ərzində mümkün ola biləcəyini gözlədiyini deyib.
“Enerji sektoru birbaşa pandemiyaya bağlıdır. Dövlətlər pandemiyaya və koronavirusa qalib gələ bilsələr, enerji sektoru bəlli bir zaman - 2 illə 5 il arasında - mən düşünürəm ki, 2 ildən öncə enerji bazarında koronavirusadan öncəki kimi bir şey görə bilməyəcəyik, alqı-satqı eyni səviyyədə olmayacaq. Təbii ki, alqı daha azdır və bazara daha çox neft və qaz gəlsə, qiymət düşəcək. Amma 2 ildən sonra, 2 il yarım, 3 ildən sonra yavaş-yavaş dünya enerji bazarı stabilləşə bilər.”
Ümid Şükri İran neftinin bazara qayıtmasının mümkünlüyünün enerji qiymətlərinə təsir göstərə biləcək amillərdən biri olduğunu qeyd edib. Ekspert İran neftinin bazara qayıtmasının rəqabətin artmasına və bunun qiymətlərin enməsinə səbəb ola biləcəyinə inandığını bildirib.
“İranın beynəlxalq enerji və neft bazarına qayıtması çətin olacaq. Ruhani iki gün öncə dedi ki, İran üç ayın içində istədiyi səviyyəyə çata bilər. Məncə bu çox çətindir. İran 30-40 milyon barel sata bilmədiyi nefti Körfəzdə tankerlərdə saxlayır. Onu qısa müddətdə bazarda sata bilər. Amma rəqabət olduqca çoxdur. İranın planı var ki, 20 ildən sonra günlük 6 milyon neft istehsal edib satsın. Amma görünən odur ki, xarici texnologiya, sərmayə gəlmədən İran bu qədər neft istehsal edə bilməz. Eyni zamanda, İranın sanksiyalarla əlaqədar bir sıra ölkələrdə olan payını Səudiyyə Ərəbistanı, İraq və Rusiya alıb. Yəni İran yenidən öz payını almaq istəsə, ölkələrə daha artıq endirim verməsi lazımdır və bu da rəqabəti artıracaq və qiymətləri endirəcək.”
Birləşmiş Ştatların 2018-ci ildə İranla beynəlxalq nüvə sazişindən çıxması və Tehrana qarşı sanksiyaların bərpa edilməsi İran iqtisadiyyatı, xüsusilə də enerji sektorunun tənəzzülü ilə nəticələnib. Ekspertlər ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden administrasiyasının İranla nüvə sazişinə qayıda bilməsinin mümkünlüyünü və bunun nəticəsində sanksiyaların aradan qaldırıla biləcəyini qeyd edir.