Accessibility links

Ümumdünya Səhiyyə Assambleyasının iclasında dünya boyu COVID-dən ölən 115 000 səhiyyə işçisinın xatirəsi anılıb


ÜST-ün rəhbəri Tedros Adhanom Gebreyesus
ÜST-ün rəhbəri Tedros Adhanom Gebreyesus

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri qurumun Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının illik iclasını dünya boyu COVID-19 pandemiyasına qarşı mübarizədə həyatını itirən 115 000 səhiyyə işçisinın xatirəsini anmaqla açıb.

Tedros Adhanom Gebreyesus assambleyaya dünya boyu səhiyyə və tibbi-sanitariya üzrə yardım işçilərinin təxminən 18 aydır həyat və ölüm arasında mübarizə apardıqlarını deyib. O, səhiyyə işçilərinin saysız-hesabsız insan həyatını xilas etdiklərini və səylərinə baxmayaraq ölən insanlar üçün də mübarizə apardıqlarını bildirib.

Tedros üç həftədir yeni yoluxma və ölüm hallarının azalmasına görə çox məmnun olduğunu deyib, lakin dünyanın hələ də çox təhlükəli vəziyyətdə olduğu barədə xəbərdarlıq edib.

“Açıq danışmalıyıq: Pandemiya bitməyib və bu, hər ölkədə yoluxma nəzarət altına alınmayana qədər bitməyəcək” - deyə, o bildirib.

ÜST-nın rəhbəri zəngin ölkələri COVID-19 peyvəndlərinin "çatdırılmasında bərabərsizliyə” görə yenidən tənqid edib və bunun "pandemiyanın davam etməsinə" səbəb olduğunu deyib. O, bütün peyvənd dozalarının 75 faizdən çoxunun yalnız 10 ölkədə tətbiq olunduğunu qeyd edib.

Tedros üzv ölkələri sentyabr ayına qədər hər ölkənin əhalisinin azı 10 faizinin, dekabr ayının sonuna qədər isə azı 30 faizinin peyvənd olunması üçün kütləvi dəstəyə çağırıb.

Bu yaxınlarda Tayvan ÜST-nın adadakı xalqın sağlamlığına "laqeyd" yanaşdığını deyərək, təşkilatı tənqid edib. Təşkilatın Çinin təzyiqi altında olduğunu dediyi üçün Tayvan Ümumdünya Səhiyyə Assambleyasına dəvət olunmayıb.

Hindistanda son 24 saat ərzində koronavirusdan 3700-dən çox ölüm halının qeydə alındığı bildirilib. Beləliklə, ölkədə COVID səbəbindən qeydə alınan ümumi ölüm hallarının sayı 300000-nə yaxınlaşır.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bazar ertəsi bildirdiyinə görə, dünya boyu COVID-19-a 167 milyon insan yoluxub. ABŞ-da 33 milyon olmaqla, yoluxma halları digər ölkələrdən daha çoxdur. Bundan sonra 26,7 milyonla Hindistan ikinci, 16 milyonla Braziliya üçüncü yerdədir.

XS
SM
MD
LG