Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi koronavirusla bağlı suallara videocavab verib


Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı

Səhiyyə Nazirliyi Azərbaycanda koronovirus aşkarlanmadığını bildirir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı koronavirusla bağlı suallara videocavab verib.

Təşkilatın Facebook səhifəsində yayılan videoda xanım Harmancı koronavirus xəstəliyinin əlamətləri, tutulma halları, xəstəlikdən qorunmağın yolları barədə danışıb.

“Xəstəliyin simptomları qripə bənzəyir. Qızdırma, öskürək, nəfəs almaqda çətinlik olur. Bəzi insanlarda yüngül simptomlar olur. Daha az bir qrup insanda isə daha ağır simptomlar müşahidə edilir. Xəstləliyə tutulan insanlar xəstəxanalarda saxlanılmalıdır,” o qeyd edib.

Onun sözlərinə görə, xəstəlik virusu məktublardan, konteynerlərdən, bağlamalardan ötürülmür.

“Əgər xəstəsinizsə evdən çıxmayın. Xəstə insanlara çox yaxın getməyin. Gigiyena qaydalarına əməl etmək çox vacibdir. Öskürərkən, asqırarkən ağız və burnunuzu dəsmalla və ya paltarınızla bağlayın. Birdəfəlik dəsmallardan istifadə edin. Ən önəmlisi əllərin tez-tez sabunla yuyulmasıdır. Əgər xəstəsinizsə, bayıra çıxmaq ehtiyacınız varsa maska taxın,” ÜST-nin Azərbaycandakı nümayəndəsi deyib.

Hande Harmancının sözlərinə görə, koronavirusun hələ müalicəsi yoxdur. Ancaq ağır durumlarda antibiotiklərdən istifadə edilə bilər.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb.

“Hazırda Azərbaycanda karantində 6 nəfər var. Onalrın səhhətində hər hansı problem yoxdur. Karantində saxlanılan şəxslər Çində koronavirus epidemiyasının olduğu bölgəsində olmayıb. Azərbaycana İstanbul, Dubay və Moskva şəhərlərindən tranzit aviareyslərlə gəliblər,” Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

Abubəkirov bildirib ki, Çinin xəstəlik alovlanan ərazilərindən Azərbaycana gələnlər xüsusi ayırılmış tibbi müəssisədə saxlanılır.

“Onların da səhhətində hər hansı problem qeydə alınmayıb. Karantin müddəti bitəndən sonra evlərinə buraxılacaqlar”.

Səhiyyə Nazirliyi xüsusi ayrılmış tibbi müəsissədə saxlanılanların sayı barədə məlumat verməyib.

Nazirliyin yanvarın 31-də yaydığı məlumatda deyilir ki, yanvar ayının 30-da Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssəsində həkim nəzarətindədir.

XS
SM
MD
LG