Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü ABŞ-ı təşkilata geri dönmək münasibəti ilə rəsmi olaraq alqışlayıb. Prezident Co Bayden bu həftə ABŞ-ın təşkilatdakı üzvülüyünü qorumaq üçün sərəncam imzalamışdı.
Agentliyin Cenevrədəki müntəzəm brifinqində danışan ÜST-nın Baş direktoru Tedros Adhanom Gebreyesus Birləşmiş Ştatların 1948-ci ildən təşkilatın qurucu üzvü olduğunu və uzun müddət qlobal sağlamlıqda mühüm rol oynadığını qeyd edib.
Tedros Adhanom bildirib ki, Baydenin “yalnız ÜST ailəsinin bir hissəsi olaraq qalmaq deyil, həm də COVID-19 pandemiyasına son qoymaq və dünya miqyasında qarşılaşdığımız bir çox sağlamlıq problemini həll etmək üçün ÜST, üzv dövlətlər və çoxtərəfli sistemlə konstruktiv bir şəkildə çalışmaq" öhdəliyini alqışlayır.
Baş direktor ABŞ-ın ÜST tərəfindən təşkil olunmuş beynəlxalq peyvənd birliyi COVAX-a qoşulma öhdəliyini də qeyd edib. Tedros birliyin Pfizer / BioNTech ilə 40 milyon dozaya qədər peyvəndin alınması üçün müqavilə imzaladığını deyib.
O həmçinin ÜST-nın təcili istifadəsi üçün AstraZeneca / Oxford COVID-19 peyvəndinin təsdiqinin də gözləndiyini bildirib. Tedros hər şey planlandığı kimi irəlilədiyi təqdirdə COVAX-ın fevral ayına qədər peyvəndlər göndərməyə başlayacağını və ilin sonuna qədər 2 milyard doza çatdırmaq hədəfinə çatacağını deyib.
ÜST-nın baş direktoru həmçinin ABŞ-ın vitse-prezidenti Kamala Harrislə cümə axşam onun vəzifədəki ilk tam günündə danışdığını da bildirib. O, Vitse-prezidentə yeni rəhbərliyin qadın sağlamlığını inkişaf etdirmək və eyni zamanda iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq öhdəliklərinə görə minnətdar olduğunu söyləyib.