Accessibility links

ÜST heyəti ilk koronavirus hallarını araşdırmaq məqsədilə Uhanda bazarı ziyarət edib


Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərdən ibarət qrupu koronavirusun mənbəyini araşdırmaq üçün Uhanda Huanan dəniz məhsulları bazarını ziyarət edir, 31 yanvar, 2021.

Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun mənbəyini araşdıran alimlərdən ibarət komandası Çinin Uhan şəhərində vəhşi heyvanların satıldığı bazarı ziyarət edib.

Koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Uhanda ortaya çıxan zaman yoluxma halları Huanan dəniz məhsulları bazarı ilə əlaqələndirilmişdi. O vaxtdan dünya boyu koronavirusa 102 milyondan çox insan yoluxub və 2,2 milyondan çox insan həyatını itirib.

Alimlər artıq Uhanda ilk xəstələrin bəzilərinin müalicə olunduğu xəstəxanalardan birini ziyarət ediblər.

“Yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış və Uhanda ilk halların müalicə edildiyi Tsinsintan xəstəxanasını ziyarət edib qayıtmışam. Hekayələr​ bizim reanimasiya şöbəsindəki həkimlərimizdən eşitdiklərimə bənzər hekayələrdir” - Niderlanddan virusoloq həkim Marion Koopmans Twitter sosial şəbəsində bildirib.

Alimlər virusun haradan yarandığını və hansı heyvandan insanlara keçdiyini öyrənmək istəyir. Bunların müəyyən edilməsi üçün illər tələb oluna bilər.

Qərargahı Cenevrədə yerləşən Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, mütəxəssislərdən ibarət qrup həmçinin Uhan Virusologiya İnstitutu və Uhanın Xəstəliklərə Nəzarət Mərkəzi kimi dövlət müəssisələrindəki laboratoriyaları da ziyarət etməyi planlaşdırır.

XS
SM
MD
LG