Accessibility links

ÜST: II Dünya Müharibəsindən bəri heç bir böhran BMT-yə COVID-19-dan daha çox ehtiyac olduğunu göstərməyib


Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru bazar ertəsi deyib ki, II Dünya Müharibəsindən bəri heç bir böhranda BMT-yə COVID-19 pandemiyasında olduğu kimi ehtiyac olduğunu nümayiş etdirməyib. COVID-19 koronavirusun yaratdığı xəstəlikdir.

Doktor Tedros Adhanom Gebreyesus Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki qərargahından etdiyi müntəzəm brifinqini açarkən BMT-nin 75-ci ildönümündən və Baş Assambleyanın yaranma tarixindən söz açıb.

Tedros Ümumdünya Səhiyyə Təşkilatının "BMT ailəsinin qürurlu üzvü" olduğunu və təşkilat üzvlərinə üç əsas mesajı çatdıracağını deyib.

"Birincisi, pandemiya bizi davamlı inkişaf məqsədlərinə çatmaq üçün səylərimizi ikiqat artırmağa təşviq etməlidir, bunu etməmək üçün bəhanə gətirilməməlidir. İkincisi, biz növbəti pandemiyaya indi hazır olmalıyıq. Üçüncüsü, diaqnostika, müalicə və peyvəndlərə bərabər əlçatımlığı təmin etmək üçün yeri, göyü tərpətməliyik" - deyə, Tedros bildirib.

Qlobal koronavirus pandemiyasını izləyən Cons Hopkins Universitetinin məlumatına görə, dünya boyu virusa 31 milyondan çox insan yoluxub, 961 000-dən çox insan xəstəlik nəticəsində həyatını itirib. ABŞ 6.8 milyondan çox yoluxma, 200 000-ə yaxın ölüm halı ilə dünyada liderdir.

Bu arada, Pew Araşdırma Mərkəzinin sentyabrın əvvəlində apardığı sorğuya görə, amerikalıların 49 faizi əgər hazırda koronavirusa qarşı peyvənd olarsa, yəqin və ya çox guman ki, onu vurdurmayacağını, 51 faizi isə bunu edəcəyini deyib.

Prezident Donald Tramp keçən ay "ilin sonuna qədər və ya bəlkə daha tez" ABŞ-da koronavirus peyvəndinin vurulacağını deyib. Mütəxəssislər isə xəstələrə tətbiq edilməzdən əvvəl peyvəndlərin hazırlanması, sınaqdan keçirilməsi və təhlükəsiz olduğunun sübut edilməsi üçün on illər vaxt tələb ola biləcəyini deyir. Eyni zamanda beynəlxalq səylər nəticəsində gələn il effektiv bir peyvənd hazırlanacağı ilə bağlı ümidlər var.

Tedros deyib ki, birgə səylər nəticəsində hazırda klinik və klinik öncəsi 200-ə yaxın potensial COVID-19 peyvəndi testlərdən keçirilir.

"Hədəfimiz 2021-ci ilin sonuna qədər 2 milyard dozada peyvəndə sahib olmaqdır" - deyə, Tedros bildirib.

Baş direktor peyvəndin əldə edilmısi üçün bu günə qədər 3 milyard dollar sərmayə qoyulduğunu, lakin yarı yolda qalmaması və işin davam etdirilməsi üçün təcili 15 milyard dollara ehtiyac olduğunu qeyd edib.

XS
SM
MD
LG