Accessibility links

ÜST COVID-19-a dair bütün nəzəriyyələrin daha geniş araşdırılacağını bildirib


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru agentliyin maliyyələşdirdiyi COVID-19-a səbəb olan virusun mənşəyinə dair araşdırmanın nəticələri barədə yayılmış məlumatlara baxmayaraq, bütün nəzəriyyələrin hələ də nəzərdən keçirildiyini və daha geniş araşdırılacağını deyib.

Associated Press xəbər agentliyinin bazar günü bildirdiyinə görə, COVID-19-un mənşəyi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının Çinlə birlikdə apardığı araşdırmanın nəticələri ilə bağlı ilkin hesabatda "virusun yarasalardan insanlara başqa heyvanlar vasitəsilə keçməsi ən çox ehtimal" olunduğu qənaətinə gəlinib. Virusun bir laboratoriyadan sızaraq, yayılması ehtimalının “ekstremal dərəcədə az” olduğu hesab edilib.

Cenevrədən keçirdiyi mətbuat konfransı zamanı ÜST-ün rəhbəri Tedros Adhanom Gebreyesus son nəticələri həftə sonu aldığını və bunun çərşənbə axşamı missiya ekspertləri tərəfindən rəsmi şəkildə təqdim ediləcəyini deyib. “Bütün fərziyyələr masa üstündədir və tam və əlavə araşdırmalar aparılacaq” - deyə, o əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatı virusun mənşəyini araşdırmaq üçün bu ilin əvvəlində Çinə beynəlxalq qrup göndərib. Ancaq bu araşdırmanı tənqid edənlər onların araşdırmaları Çinin onlara icazə veridiyi qədər apardıqlarını deyir.

Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin bazar ertəsi açıqladığı hesabatda dünya boyu koronavirusa 127,289,043 yoluxma, 2.785.682-dən çox ölüm halı qeydə alındığı deyilib.

XS
SM
MD
LG