Accessibility links

ÜST-nin Azərbaycandakı nümayəndəsi qripdən qorunmaq üçün məsləhətlər verib


ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev mətbuat konfransı keçirir

Hande Harmancı bu barədə video açıqlama yayıb

“Hazırda Gürcüstanda donuz qripi deyilən bir qrip yoxdur. Gürcüstanda dünyada hər il mövcud olan mövsümi qrip xəstəliyi yayılıb”. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı “Gürcüstanda yayılmış donuz qripi Azərbaycanda da yayıla bilərmi?” sualı ilə bağlı video açıqlamasında bildirib. Onun video açıqlaması ÜST-nin Azərbaycan üzrə ofisinin facebook səhifəsində yayılıb.

Onun fikrincə, bu il ötən illərə nisbətən mövsümi qrip bir az geniş yayılıb və orta ağır bir qrip xəstəliyi ilə üz-üzəyik.

“Bütün Avropada, Gürcüstanda, Türkiyədə, Azərbaycanda Dünya Səhiyyə Təşkilatının nümayəndələri qriplə bağlı məlumatlar toplayır və hansısa dəyişiklik olub-olmamasını izləyir. Dəyişiklik önəmlidir. Çünki yeni virus aşkar edilərsə, o, zaman 2009-cu ildəki kimi Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyada pandemik bir epidemiya elan edə bilər. İndiki anda belə bir durum müzakirə edilmir,” o qeyd edib.

Başqalarından mikrobların keçməməsi üçün tez-tez əlləri sabunla yumaq lazımdır. Öskürərkən ağızın dəsmal və ya paltarla qapadılması lazımdır. İnsanlar bir-biri ilə öpüşməməlidir.
Hande Harmançı, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda nümayəndəsi

Xanım Harmancı Azərbaycanda da Səhiyyə Nazirliyi ilə görüşlər keçirildiyini və bütün rayonlardan gələn məlumatların araşdırıldığını və hər şeyin nəzarət altında olduğunu deyib.

Eyni zamanda, ÜST-nin Azərbaycan üzrə ofisinin rəhbəri qrip xəstəliyi ilə bağlı məsləhətlər verib.

“Qrip bir virusun yaratdığı xəstəlikdir. Virus ağız, burun və əllər vasitəsi ilə keçərək ciyərlərdə biruzə verir. Təbii ki, bu virus yüksək risk qrupu insanlarda ölümlərə də yol aça bilir.”

Onun fikrincə, xəstəlikdən qorunmaq üçün ilk növbədə peyvəndlər lazımdır.

“Ümumdünya Səhiyyə Təşkilatı hər il dünyadakı laborotoriyalardan gələn məlumatlara əsaslanaraq istifadə ediləcək peyvəndləri açıqlayır. Hər il oktyabr ayından başlayaraq yüksək risk qrupuna daxil olan insanlar, yəni 5 yaşınadək uşaqlar, hamilə qadınlar, yaşı 65-dən çox olan insanlar və xroniki ağ ciyər, qara ciyər, şəkər, onkoloji xəstəlikləri olanların peyvəndlərdən istifadə etməsi önəmlidir.”

Donuz qripi
Donuz qripi

ÜST-nin nümayəndəsi deyib ki, qrip simtompları aşkarlanan insanlar digər insanlardan təcrid edilməlidir.

“Ona görə ki, xəstə insanlardakı mikroblar yayılaraq bütöv toplumu yoluxdura bilər. Qripə yoluxmuş insanlar işə və məktəbə getməməli, ən azı ilk üç gündə qrip mikroblarını ətrafa yaymamalıdır. Başqalarından mikrobların keçməməsi üçün tez-tez əlləri sabunla yumaq lazımdır. Öskürərkən ağzın dəsmal və ya paltarla qapadılması lazımdır. İnsanlar bir-biri ilə öpüşməməlidir. Qrip çox ağıllı bir virusdur. Fəqət insanlar ondan da ağıllıdır. Əgər dediklərimizə əməl edilərsə bu virusa yoluxmasınız,” Hande Harmancı qeyd edib.

Fevralın 1-də Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı və Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev mətbuat konfransı da keçirib.

A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tərəfindən təsdiqlənib. Amma bu "donuz qripi" deyil, mövsümi qripdir.
İbadulla Ağayev, Azərbaycanın baş epidemioloqu

Ağayev bildirib ki, əgər ölkədə qrip virusu kütləvi şəkildə yayılarsa nazirlik bu hala qarşı mübarizə aparmaq üçün bütün tədbirləri həyata keçirmək gücündədir.

O ölkədə 16 nəfərin “donuz qripi”nə yoluxması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib ki, Azərbaycanda A/H1N1 virusu ("Donuz qripi"nin texniki adı belə qəbul olunub: A/H1/N1. "A" tipli qrip virusun nəfəs yolu ilə yoluxması nəticəsində ortaya çıxır və bu xəstəlik sürətlə yayıla bilir) aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədir.

“Həmin şəxslərdə adıçəkilən A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən təsdiqlənib. Amma bu "donuz qripi" deyil, mövsümi qripdir,” İbadulla Ağayevə istinadən Report agentliyi bildirir.

Gürcüstan mediasının məlumatına görə, bu ölkədə donuz qripindən azı 20 nəfər ölüb.

newsgeorgia.ge saytı rəsmi mənbələrə istinadən bildirir ki, hazırda Gürcüstanda əhalinin hər yüz min nəfərindən 251 nəfəri qrip virusuna yoluxub.

Ermənistanda da qripdən ölüm halları qeydə alınıb.

XS
SM
MD
LG