Accessibility links

ÜST Rusiyanın Sputnik peyvəndinin təsdiqlənmə prosesini dayandırıb


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi Rusiyanın Sputnik V koronavirus peyvəndinin təsdiqlənmə prosesini dayandırdıqlarını bildirib. Buna səbəb isə ilin əvvəlində Rusiyada aparılan yoxlama zamanı bir sıra istehsal pozuntularının aşkar edilməsi olub.

ÜST-ün Amerika qitəsindəki regional ofisi Pan Amerikan Sağlamlıq Təşkilatının direktor köməkçisi Jarbas Barbosa 15 sentyabrda peyvəndin təcili istifadəsi üçün icazə verilməzdən əvvəl istehsal edildiyi fabriklərdən birində yeni yoxlamaların aparılması təklifini verib.

Fabrikə "lazımı dəyişiklər edilməsi və yeni yoxlamalara hazır olunması məsləhət görülür. ÜST istehsalçının fabrikinin istehsalat qaydalarına uyğun olması barədə xəbər göndərməsini gözləyir", deyə Barbosa bildirib.

İyun ayında nəşr olunan bir hesabatda, ÜST Ufa şəhərində Rusiyanın Pharmstandard dərman şirkətinə məxsus fabrikində bir çox pozuntular aşkar etdiyini bildirib. Bunlara "çarpaz yoluxma risklərini azaltmaq üçün lazımi tədbirlərin həyata keçirilməsi" də daxildir. Fabrik daha sonra bu problemləri həll etdiyini bildirib.

Rusiya Lancet tibb jurnalında dərc edilən araşdırma nəticələrinə əsasən peyvəndin COVID-19-a qarşı təhlükəsiz və 91.6 faiz təsirli olduğunu göstərdikdən sonra fevral ayında həm ÜST, həm də Avropa Dərman Agentliyinə (EMA) təsdiq üçün müraciət edib.

Baxmayaraq ki, peyvənd təsdiq edilməyib, Sputnik V dünyanın bir çox ölkələrində istifadə olunur.

XS
SM
MD
LG