Accessibility links

Üzeyir Hacıbəylinin musiqisi Amerikada – musiqişünas Aida Hüseynova ilə söhbət


İpək Yolu ansamblının bədii rəhbəri Yo Yo Ma muğam ifaçıları Alim Qasımov və Fərqanə Qasımova ilə “Leyli və Məcnun” operasının yeni quruluşda tamaşasına hazırlıqlar zamanı, 2018.

Sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam oldu. Üzeyir Hacıbəylinin musiqisi müasir dövrdə Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda dünyanın ən tanınmış musiqiçiləri tərəfindən ifa edilir. Amerika Birləşmiş Ştatlarında “Leyli və Məcnun” operasının iki quruluşda tamaşaya qoyulması Azərbaycan musiqisinin ABŞ-da və dünya miqyasında tanıdılmasında müstəsna rol oynayıb. “Leyli və Məcnun” dünya şöhrətli musiqiçi Yo Yo Manın bədii rəhbəri olduğu İpək Yolu ansamblı, daha sonra isə ansamblla birlikdə müasir dövrün ən tanınmış xoreoqraflarından biri olan Mark Morrisin rəqs qrupu tərəfindən yeni quruluşda tamaşaya qoyulub. İndiana Universitetinin professoru, musiqişünas Aida Hüseynova hər iki layihənin elmi məsləhətçisi olub.

Aida Hüseynovanın bildirdiyinə görə, bəstəkar Firəngiz Əlizadənin “Dərviş” kompozisiyasının Qərb auditoriyasına təqdim edilməsindən sonra Qərb və Amerika musiqiçilərinin Azərbaycan musiqisi ilə yaxından tanışlığı Üzeyir Hacıbəylinin muğam operası ilə davam etdirilib və iki quruluşda tamaşaya qoyulub.

Üzeyir Hacıbəylinin musiqisi Amerikada – musiqişünas Aida Hüseynova ilə söhbət
please wait

No media source currently available

0:00 0:22:28 0:00

Aida Hüseynova operanın yeni improvizə edilmiş redaksiyası ideyasının 2000-ci ildən İpək Yolu ansamblı ilə əməkdaşlıq edən muğam ustası Alim Qasımova məxsus olduğunu qeyd edib.

2007-ci ildə Yo Yo Manın bədii rəhbərliyi ilə İpək yolu ansamblı tərəfindən yeni quruluşda tamaşaya qoyulan “Leyli və Məcnun” operası qrupun repertuarında mərkəzi yerlərdən birini tutub və növbəti bir neçə il ərzində tamaşa ABŞ-ın mötəbər konsert salonları ilə yanaşı, Avropa və Asiya ölkələrində də nümayiş etdirilib.

“İlk ifa Fransada, 2007-ci ilin avqust ayında oldu. Doğrudan da bu layihə böyük bir əks-səda doğurdu. Layihədə Alim Qasımov Məcnun kimi və onun qızı və tələbəsi Fərqanı xanım Qasımova Leyli kimi. Biz onda heç bilmirdik ki, bu operanın yeni versiyasının ilk tamaşasında zalda dinləyicilər arasında dünyanın ən məşhur xoreoqrafiya ustası olan Mark Morris də var idi. Mark bu layihəyə böyük maraq göstərdi və tədricən yeni bir tamaşa ideyası ilə çıxış etdi. Və həmin layihə 2016-cı ildə gerçəkləşdi. Yəni 10 ildən sonra “Leyli və Məcnun”, yəni İpək Yolu ansamblının ifalarından 10 il sonra yeni bir versiya yarandı. Bu dəfə rəqs ilə bahəm.”

Aida Hüseynova: Mark Morris rəqs qrupu “Leyli və Məcnun”un universal mesajlarını çatdırır
please wait

No media source currently available

0:00 0:07:20 0:00

Yo Yo Ma İpək Yolu ansamblını 1998-ci ildə region ölkələrinin mədəniyyəti və musiqi ənənələrinin yeni, innovativ şəkildə təqdim edilməsi konsepsiya ilə yaratmışdı. Aida Hüseynova Yo Yo Ma və İpək yolu ansamblının musiqiçilərinin Yaxın Şərq və Qərb musiqi ənənələrini özündə birləşdirən “Leyli və Məcnun” operasında “innovativ ideyalar, yeni imkanlar” gördüklərini vurğulayıb.

Leyli və Məcnun hamımızı Məcnun edib
Kolin Ceykobson, İpək Yolu ansamblı

“Doğrudan da onun yeniliyi, yeni bədii formalarına marağı onu vadar etdi ki, Alim Qasımovun təklifinə `hə` desin. Ondan sonra əsas iş başladı. Hansı epizodlardan istifadə etmək, onları necə aranjman etmək və operanın mənasını, musiqisini tam şəkildə çatdırmaq – bunlar hamısı böyük zəhmətin, böyük bir yolun nəticəsi oldu.”

Alim Qasımov: "Leyli və Məcnun" operasını yeni quruluşda Azərbaycanda göstərmək istəyirik
please wait

No media source currently available

0:00 0:09:54 0:00

ABŞ-da Azərbaycan musiqisi haqda ilk müfəssəl kitab olan “Muğamdan operaya qədər Azərbaycan musiqisi” kitabında Aida Hüseynovanın yazdığına görə, Yo Yo Ma layihənin musiqiçilər üçün “dərin özəl və emosional bir təcrübə” olduğunu deyib. O, layihə üzərində işin unikal bir atmosferdə keçdiyini yazıb. Kitabda ansamblın solistlərindən biri, tanınmış skripkaçı Kolin Ceykobsonun layihə üzərində iş zamanı “Leyli və Məcnun hamımızı Məcnun edib” dediyi qeyd edilib. Aida Hüseynovanın sözlərinə görə, “Leyli və Məcnun” operasının yeni quruluşda tamaşaları ilə çoxları Azərbaycan muğamının improviziya imkanları, Üzeyir Hacıbəyli musiqisini “kəşf etmiş” oldu. O deyib ki, İpək Yolu ansamblının fərqli stillər və janrlar vasitəsilə müxtəlifliyi və bütöv bir dünyanı təmsil etmək konsepsiyası, Alim Qasımov, Yo Yo Ma və Mark Morris kimi sənət ustalarının bir araya gəlməsi hər bir mərhələdə təkrarolunmaz bədii mühitin yaranmasına gətirib çıxarmışdı.

“Bu əsərdə, bu layihədə Azərbaycan musiqisinin, Azərbaycan mədəniyyətinin ən mühüm və ən uca zirvələri birləşdirilib. Bu, çox böyük və çox nadir bir haldır. Və eyni zamanda, Qərb musiqisinin ulduzları, Yo Yo Ma və İpək yolu ansamblı, sonra Mark Morris və onun rəqqasları, bu birlik doğrudan da çox nadir hallarda mümkün olan bir birlikdir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG