Accessibility links

İran İsrail əleyhinə nümayişlərdə qisas alacağına dair vədini təkrarlayıb


İran aprelin 5-də Suriyada İsrailin həyata keçirdiyini guman edilən hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) öldürülən yeddi üzvünün qisasını alacağına dair verdiyi sözünü bir daha təkrarlayıb.

Tehran İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinin yerləşdiyi binanın aprelin 1-də hava zərbələri nəticəsində dağıdılmasında İsraili günahlandırıb.

İsrail, adətən olduğu kimi, zərbə ilə bağlı heç bir şərh verməyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, general-mayor Hüseyn Səlami Tehranda Əl-Qüds Günü mitinqləri zamanı televiziya ilə çıxışında "Heç bir düşmənin müqəddəs sistemimizə (İslam Respublikasına) qarşı heç bir addımı cavabsız qalmır" deyib. Fələstin tərəfdarı və İsrail əleyhinə yürüşlərin daxil olduğu bu nümayişlər hər il Ramazan ayının son cümə günü keçirilir.

Nümayişlər həmçinin briqada generalı Məhəmməd Rza Zahedi də daxil olmaqla, ölən SEPAH zabitlərinin yas mərasimi kimi xidmət göstərib.

Adəti üzrə dövlət televiziyası ümummilli nümayişləri geniş şəkildə işıqlandırıb. Etirazçılar əllərində SEPAH zabitlərinin şəkilləri və üzərində "İsrailə ölüm" və "Amerikaya ölüm" şüarları yazılmış plakatlarla görüntülənib.

Dövlət mediası tərəfindən yayılan fotolarda nümayişçilərin Amerika bayraqlarını yandırdıqları və İsrailin baş naziri Benyamin Netanyahunun portretini tapdaladıqları əks olunub.

İranın ali dini lideri Ayətullah Əli Xameneyi bu həftənin əvvəlində İsrailin "cəsur adamlarımız tərəfindən cəzalandırılacağını" vəd edib. Bəzi analitiklərin fikrincə, bu, Tehranın regiondakı müttəfiqləri və proksilərinə arxalanmaqdansa, İsrailə qarşı birbaşa hərəkət edəcəyini göstərir.

İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş baş komandanı Moşen Rəzai aprelin 5-də Tasnim xəbər agentliyinə bildirib ki, İsrailə qarşı cavab tədbirləri haqqında "qərar verilib" və "mütləq həyata keçiriləcək". O, ətraflı məlumat verməyib.

Forum

XS
SM
MD
LG