Accessibility links

İran şiə məbədində törədilən ölümcül hücumdan sonra 8 "xaricini" həbs edib


İranın təhlükəsizlik qüvvələri bazar ertəsi şiə müsəlmanların məbədində iki nəfəri qətlə yetirən silahlı şəxsi saxladıqdan sonra səkkiz nəfər "xarici şübhəlini" də həbs edib.

İranın cənubundakı Fars vilayətinin paytaxtı Şirazdakı "Şah Çeraq" məbədinə edilən hücum İslam Dövlətinin məsuliyyətini üzərinə götürdüyü eyni ərazidə baş verən kütləvi qırğından bir ildən az bir müddət sonra baş verib.

İranın dövlət mediası bazar günü bir nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını bildirib.

Rəsmi IRNA xəbər agentliyi bazar ertəsi Fars vilayətinin baş hakimi Kazım Musəviyə istinadən bildirib ki, "qurbanlardan biri aldığı yaralardan ölüb".

Musəvi daha əvvəl ədliyyə orqanlarının Mizan Online xəbər saytına "terror aktı ilə əlaqədə şübhəli bilinən 8 nəfər həbs edilib" deyib.

O, "həbs olunanların hamısı xaricidir" bildirib, lakin təfərrüatları açıqlamayıb.

Əsas şübhəli bazar günü gecə hücumdan az sonra həbs edilib. Mizan həmin şəxsin Tacikistandan Rəhmətulla Novruzov olduğunu bildirib.

Atışmadan sonra tağlı və sütunlu kompleksin pəncərələri qırılıb, yeri qana bulaşıb.

Məsuliyyəti üzərinə götürən olmasa da, Fars vilayətinin qubernatoru Məhəmməd Hadi İmaniyə İŞİD ekstremistlərini günahlandırıb.

O, dövlət televiziyasına deyib ki, hücum edən şəxs keçən il ziyarətgaha edilən hücuma görə edam edilmiş iki terrorçuya görə qisas almaq istəyib.

Bazar ertəsi daxili işlər naziri Əhməd Vahidi bölgəyə səfəri zamanı dövlət televiziyasına "terrorçunun" İrandan kənarda fəaliyyət göstərən "şəbəkə" ilə əməkdaşlıq etdiyini deyib.

Azərbaycan, Avropa İttifaqı, İraq, Rusiya və Fransa da daxil olmaqla, bir sıra ölkələr bazar günü baş verən hücumu pisləyib və başsağlığı verib.

Keçən il oktyabrın 26-da Şirazdakı ziyarətgaha edilən silahlı hücum nəticəsində 13 nəfər ölmüş, 30 nəfər yaralanmışdı. İŞİD hücuma görə məsuliyyəti üzərinə götürmüşdü.

Mizan o zaman bildirib ki, İran iyulun 8-də "yer üzündə korrupsiya, silahlı üsyan və milli təhlükəsizliyə qarşı hərəkət" ittihamı ilə məhkum edilən iki nəfəri qətllərə görə ictimaiyyət qarşısında asıb.

Forum

XS
SM
MD
LG