Accessibility links

Şəhla Hümbətovanın vəkillik statusuna xitam verilməsi pislənilir


Şəhla Hümbətova
Şəhla Hümbətova

Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) Bakı İnzibati Məhkəməsi tərəfindən hüquq müdafiəçisi Şəhla Hümbətovanın vəkillik statusundan məhrum edilməsini pisləyir.

İnstitutun yaydığı bəyanatda deyilir ki, bu qərar Azərbaycan Vəkillər Kollegiyasının Hümbətovanın lisenziyadan məhrum edilməsi haqqında vəsatəti əsasında qəbul edilib və bu fakt qeyri-proporsional və siyasi motivli hesab edilir.

Hümbətova səs-küyə səbəb olan işlərdə vətəndaş hüquqlarının müdafiəsində iştirakı ilə məşhurdur və 5 mart 2021-ci ildə guya üzvlük haqqını ödəmədiyinə görə vəkil statusundan məhrum edilib. Amma vəkil özü ona bu problem haqqında heç kimin məlumat vermədiyini deyir.

Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının İnsan Hüquqları İnstitutunun həmsədri Maykl Kirbi deyib:

“Hümbətovaya və Azərbaycanda digər hüquqşünaslara – hüquq müdafiəçilərinə qarşı addımlar onların nəinki peşə hüquqlarının pozulmasından qorunmadıqlarını, həm də əsassız məhkəmə təqibinə məruz qaldıqlarını göstərir. Hümbətova insan hüquqlarının pozulması haqqında çoxsaylı səs-küy doğuran işlərdə iştirak edib, həbs edilənlərə qarşı işgəncə faktları olan “Gəncə işi”ndə vəkil qismində çıxış edib, o, həmçinin siyasi məhbus və bloger Mehman Hüseynovun hüquqlarını təmsil edib.

Hümbətova ABŞ Dövlət Departamentinin 2020-ci il üçün cəsarətə görə mükafatının laureatıdır. Bu mükafat dünyada müstəsna cəsarət və sülhün, ədalətin, insan hüquqlarının qorunmasında liderlik nümayiş etdirən qadınlara verilir,” o qeyd edib.

İnstitutun digər həmsədri Anne Ramberq isə bunları deyib:

“Bütün dünyada insan hüquqları üzrə vəkillərin öz peşə öhdəliklərini yerinə yetirdiklərinə görə təqiblərə və təhdidlərə məruz qalması təmayülü müşahidə olunur. Hümbətovanın kollegiyadan çıxarılmasının nəticəsi onun müştərilərinin maraqlarını təmsil edə bilməməsidir. Hüquqşünaslara – hüquq müdafiəçilərinə qarşı sistemli sui-istifadələrə son qoyulmalıdır, çünki bu, qanunun aliliyinə və demokratiyaya çox ciddi təhlükə yaradır,” Ramber qeyd edib.

Bu il martın 5-də isə Bakı İnzibati Məhkəməsi hakim Aytən Orucovanın sədrliyi ilə Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasını təmin edib.

Vəkillər Kollegiyasının iddiasına görə, Şəhla Hümbətova 6 aydan çox üzvlük haqqını ödəməyib və bu səbəbdən məhkəməyə müraciət olunub.

Vəkil Amerikanın Səsinə müsahibəsində məhkəmənin qərarı barədə bildirib ki, anlaşılmazlıq olub.

“500 manat üzvlük haqqı ödəmişəm. Həmin pulu əvvəlki aylara siliblər. Mən də elə bilmişdim gələcək aylar üçün üzvlük haqqı ödəmişəm. Beləliklə, 8 ay üçün 480 manat borc yığılıb. Mənə borcumun olduğu barədə heç zaman xəbərdarlıq edilməyib və ümumiyyətlə bu məsələyə intizam icraatı çərçivəsində baxılmayıb. Mənim borcumun olması barədə izahatım belə alınmayıb. Ancaq, məlumat mediada dərc edildikdən sonra xəbərim olub. Bilən kimi, elə həmin gün borcumu ödəmişəm. Buna baxmayaraq məhkəməyə veriblər,” o, qeyd edib.

Vəkil hesab edir ki, onun kollegiyadan uzaqlaşdırılması ilə bağlı müraciət qeyri-mütənasibdir.

“Mən üzvlük haqqını ödədikdən sonra məhkəməyə müraciət etmələri göstərir ki, onların dərdi heç də üzvlük haqqı deyil. Sadəcə məqsəd məni hansısa bir bəhanə ilə üzvlükdən xaric etməkdir.”

Hümbətova vəkilliyinə xitam verilməsinin səbəbi kimi insan hüquqları sahəsində, siyasi mötivlərlə həbs edilən insanların hüquqlarını müdafiə etməsini göstərir.

“İnsan hüquqları sahəsində məşğul olan vəkillərin aqibəti budur. Mən birinci deyiləm. Məndən əvvəl də vəklliyinə xitam verilənlər var, məndən sonra da olacaq,” o qeyd edib.

Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG