“Rasional inkişaf uğrunda” qadınlar cəmiyyətinin sədri Şəhla İsmayıl Amerikanın Səsinə müsahibədə Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində görülməli işlər, qadınların iqtisadi imkanlarınına artırılması, gender bərabərliyinin təmin olunması və məişət zorakılığı hallarının qarşısının alınması üçün göstərilən səylər haqda danışıb.
Mart ayı bütün dünyada qadınların tarixə və cəmiyyətə verdiyi töhfələrin qeyd edildiyi aydır. Bu ay müddətində qadın hüquqları müdafiəçiləri, gender bərabərliyi, qadınların iqtisadi və təhsil imkanlarının genişləndirilməsi kimi məsələlərə xüsusi diqqət yönəldir. “Rasional inkişaf uğrunda” qadınlar cəmiyyətinin sədri Şəhla İsmayıl Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində qarşıda bir çox işlərin görülməli olduğunu deyir.
“Azərbaycanda bu vəziyyət bir çox inkişaf etmiş ölkələrdən nisbətən daha pis vəziyyətdədir. Belə ki biz ümumiyyətlə problemlərimizi etiraf etməyə bir qədər gec başlamışıq. Bir xeyli müddətdir, illərdir demək olar ki, əksinə vəziyyəti olduğundan yaxşı göstərməyə meylli olub bizim hökumət və ona görə də biz bir qədər açıq mövzuya qədəm qoymağımız və bunları açıq müzakirə etməyimiz gec başladığı üçün görünür, ümumilikdə nəticələrdə də bir qədər yubanma var. Amma üstün tərəflər də var. Hələ mənfi məsələlərimiz də çoxdur. Bütövlükdə deyərdim gedəcəyimiz yol hələ çox uzundur.”
Şəhla İsmayıl qadınlar üçün iqtisadi imkanların genişləndirilməsinin əhəmiyyəti və qızlara bərabər təhsil imkanlarının təmin olunmasının vacibliyini vurğulayıb. O bu istiqamətdə maarifləndirilmə səylərinin aparıldığını və qarşıya çıxan problemləri qeyd edib.
Çünki əgər təhsili bitirməmiş bir qız sabah ailə qurursa, onun əlbəttə ki, iqtisadi imkanları minimuma endirilir, yəni onun natamam təhsili olan heç bir normal iş sahibi olmasından söhbət gedə bilməz
“Hüquqi cəhətdən təhsil imkanları bərabər olsa da, reallıq ondan ibarətdir ki, əsasən də ucqar yerlərdə sosial-iqtisadi vəziyyətə görə ailələrin bir çoxu seçim etməli olur. Əgər övladına tam təhsil hüququ vermək iqtidarında deyilsə, o zaman oğlan övladlarına təhsil verməyi üstün bilir ki, qızlar onsuz da ərə gedəcək, ailə quracaq, ehtiyacları olmayacaq və elə bu da elə ilk diskriminasiyanın demək olar ki, formal tərəfdən zəminini yaradır, tamamən təməllini qoyur. Çünki təhsili əgər bitirməmiş bir qız sabah ailə qurursa, onun əlbəttə ki, iqtisadi imkanları minimuma endirilir, yəni onun natamam təhsili olan heç bir normal iş sahibi olmasından söhbət gedə bilməz və gələcəkdə deyək ki, ailəsində müxtəlif situasiyalar, mütləq deiyl ki, boşansın, yaxud da dul qalsın, ümumiyyətlə, yəni ailədə bərabər imkanlara malik olmaq üçün həm də iqtisadi cəhətdən bərabər hüquqlara malik olmalıdır.”
Şəhla İsmayıl bu kimi halların xüsusilə də ucqar rayonlarda daha çox müşahidə edildiyini, “sosial-iqtisadi vəziyyət pisləşdikcə bunun qabarıq şəkildə özünü göstərdiyini” deyib. O, qızların bərabər təhsil imkanlarının təmin olunmamasının erkən nikah halları ehtimalının artmasına, bunun nəticəsində ana və uşaq ölümlərinin artması, beləliklə “zəncirvari neqativ hallara” gətirib çıxardığını qeyd edib. Şəhla İsmayıl “qadının uğuru düsturu” - sosial, iqtisadi, siyasi səviyyələrdə qadınlara bərabər imkanların təmin edilməsinin əhəmiyyətini qeyd edib.
“Əgər bir qadın sosial və iqtisadi cəhətdən təminatlı deyilsə, yəni ona bərabər hüquqlar verilibsə də kağız üzərində, amma reallıqda bərabər imkanlar verilməyibsə, əlbəttə qadının bərabər inkişafından və imkanlarından söhbət gedə bilməz. Əgər ən normal iqtisadi cəhətdən təminatlı deyilsə və o gücləndirmə yoxdursa, dolayısı ilə öz peşəsi üzrə, öz peşəsini seçmək iqtidarında deyilsə və yaxud da peşə seçibsə, təhsil aldığı peşə üzrə işləmək iqtidarında deyilsə, ümumiyyətlə işləmək iqtidarında deyilsə, təəssüf ki, bu da iqtisadi zorakılığın ən yayılmış formalarından biridir ki, bir çox qadınlara icazə verilmir işləmək ailə, uşaq bəhanəsi ilə. Əlbəttə ki, elə qadınların həqiqi mənada siyasi lider olmağı və yaxud ictimai fəal olmağı və yaxud cəmiyyətin bərabər bir fəal üzvünə çevrilmə imkanı qat-qat daha aşağıdır.”
Şəhla İsmayıl qadın hüquq müdafiəçilərinin qadınların bərabər imkanlarla təmin olunması məqsədilə səylərini təhsil imkanları ilə yanaşı, sosial hüquqlar, sağlamlığa çatımlılıq hüququ, iqtisadi bilik və bacarıqların artırlması, iqtisadi imkanlardan yararlanmaq, siyasi liderlik və iştirakçılıq istiqamətində apardığını bildirib.
“Rasional inkişaf uğrunda” qadınlar cəmiyyətinin sədri son aylarda məişət zəminində zorakılıqlar və cəmiyyətdə buna reaksiyalardan danışaraq, vəziyyətin ciddi olduğunu və zorakılıq hallarının qarşısının alınması üçün maarifləndirməyə ehtiyac olduğunu qeyd edib