Bu gün, martın 2-də Şəki Apellyasiya Məhkəməsi hakim Rəfael Əliyevin sədrliyi ilə blogerlər Elçin Həsənzadə və İbrahim Türksoyu 8 ay həbsə məhkum edib. Hər iki bloger məhkəmə zalında həbs edilib.
Bu barədə Amerikanın Səsinə Elçin Həsənzadənin yaxınları bildirib.
Blogerlər barəsində 2020-ci ilin iyununda Mingəcevir şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev xüsusi ittiham qaydasında iddia qaldırıb. 2020-ci il noyabrin 16-da Mingəçevir Şəhər Məhkəməsin hakim Hüseyn Mirzəliyevin sədrliyi ilə Elçin Həsənzadə və İbrahim Türksoyun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə 1 il islah işlərinə məhkum edilməsi barədə hökm çıxarıb.
Hər iki bloger məhkəmənin hökmünü sifarişli hesab edib və tənqidi fikirlərinin boğulmasına yönəldildiyini bildirib.
Blogerlər və qarşı tərəf məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi bu gün hər iki blogeri həbsə məhkum edib.
Bloger Həsənzadə bundan öncə də islah işlərinə məhkum edilib, dəfələrlə iznibati qaydada həbs edilib.