Accessibility links

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı külli miqdarda rüşvətdə günahlandırılır


Şəmkir Rayon (Bakıdan 400 kilometr qərb) İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

“Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Alimpaşa Məmmədovun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” Məhdud Məsuliyyətli Cəmiyyətin bütün paylarını oğlu Adil Adilzadə və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətə cəmi 40 manata satılmasını, Şəmkir şəhər bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” Məhdud Məsuliyyətli Cəmiyyətin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib”.

Bundan başqa Alimpaşa Məmmədovun Şəmkir rayon ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Alimpaşa Məmmədovun həmçinin rayon İcra Hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır.

“Eləcə də onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” Məhdud Məsuliyyətli Cəmiyyətin Şəmkir rayonunda yerləşən balıq yetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb”, - Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.

Alimpaşa Məmmədov aprelin 26-da saxlanılıb. Aprelin 27-də prezident İlham Əliyev onun vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Aprelin 28-də Bakının Səbayel Rayon Məhkəməsi Alimpaşa Məmmədovun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Öz növbəsində, Alimpaşa Məmmədovun ailə üzvləri və vəkili Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına hələ münasibət bildirməyib.

Xatırladaq ki, son bir ildə Dövlət Təhlükəsizliyi Xidməti və baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində bir sıra nazirliklərin yüksək vəzifəli şəxsləri, 6 rayonun icra başçıları, həmçinin çoxsaylı vəzifəli şəxslər həbs edilib.

XS
SM
MD
LG