Təbriz Tibb Universitetinin rektoru, doktor Məhəmməd Hüseyn Somi vilayətdə koronavirusun Britaniya variantına 200 yoluxma halının aşkar edildiyini bildirib.
Somi vilayətdə koronavirus yoluxma hallarının təkrar sürətlə artdığını və son statistikaların vilayətdə vəziyyətin pisləşməsini göstərdiyini qeyd edib.
Vilayətdə yerləşən Sarab, Əcəbşer, Culfa və Tufarqan (Azərşəhr) şəhərlərin yoluxma hallarının ən çox olduğu bölgələr olduğu bildirilir. Ölkədə ən çox mutasiya olmuş koronavirus variantının Şərqi Azərbaycanda qeydə alındığı bildirilir.
İran Azərbaycanının digər vilayətlərində o cümlədən Ərdəbil və Qərbi Azərbaycanda da mutasiya olmuş koronavirus variantına yoluxma halları təsdiq edilib. Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Şəhram Həbibzadə son 24 saatda Britaniya variantına 21 yoluxma halının aşkar edildiyini açıqlayıb.
İranın Səhiyyə naziri Səid Nəməki ölkədə koronavirusun Britaniya variantına ilk yoluxma halının qeydə alındığını yanvar ayının 5-də bildirmişdi. Daha sonra bu mutasiya olmuş virus İranın bütün vilayətlərində sürətlə yayılmağa başlayıb.
Mutasiya olmuş koronavirusun Britaniya variantı ilk dəfə İngiltərədən gələn bir İran vətəndaşında müşahidə edilmişdi. Həmin COVİD-19 virusunun mutasiya olmuş variantı daha ölümcül və daha sürətlə yayılaraq, yoluxma hallarının sayında yüksək artımlara səbəb olur.
İran rəsmiləri yoluxma hallarının çoxalmasının səbəbini insanların sağlamlıq protokollarına laqeyd yanaşmasını ilə izah edir.
Son həftələrdə şəhərlərdə ərzaq qıtlığı o cümlədən bazarlarda toyuq əti, yağ və digər ərzaqların qıtlığı və bu səbəbdən dolayı alış-veriş mərkəzləri önündə uzun növbə sıraları yaranması və xalqın ilkin ehtiyaclarını təmin etmək üçün izdihamlı şəkildə sıralarda durması, hökuməti tənqidlərlə üzləşdirib.