Şərqi Azərbaycan vilayətinin İrşad İdarəsinin baş direktoru vilayətdə çap olan kitabların 20 faizinin türk dilində olduğunu bildirib.
İSNA xəbər agentliyinin müxbiri ilə danışan Məhəmməd Məhəmmədpur 2019-cu ildə vilayətdə iki mindən çox kitab nəşr olunduğunu, vilayətdə nəşr olunan kitabların təxminən 20 faizinin türk dilində, qalanlarının isə fars və digər dillərdə olduğunu bildirib.
O deyib ki, "vilayətdə 202 naşir fəaliyyət göstərir, ancaq bir neçə nəşriyyat, xeyli sayda kitab nəşr edib, digər aktiv olan naşirlər ildə ən azı altı kitab nəşr edirlər."
2013-cü ildə 800 kitab nəşr olsa da, bu rəqəm 2019-cu ildə 2000-ə qədər artıb.
Oktyabrın 21-də İrşad İdarəsinin Təbriz Beynəlxalq Kitab Sərgisinə türk naşirlərin qatılmasına icazə verməməsindən sonra etirazların ardınca onların sərgidə pavilyon qurması mümkün olmuşdur.
Son illərdə türkcə kitab nəşrində İran Azərbaycanında hərəkətlilik müşahidə olunur. Bir çox nəşriyyat sadəcə türk dilində müxtəlif mövzülarda, o cümlədən ədəbiyyat, şeir, uşaq ədəbiyyatı və s. nəşr edirlər.
Daha öncə Amerikanın Səsinə danışan güneyli fəal Məhsa Mehdili, İranda türk dili və Azərbaycan tarixi üzrə fəaliyyət göstərən naşirlərə basqıların sistematik bir şəkildə tətbiq edildiyini vurğulamışdı.
Hər il İranda təhsil ilinin başlaması ilə türk fəallar "Hər türk şagirdə türkcə bir kitab" kampaniyası çərçivəsində məktəblərdə uşaqlar arasında Azərbaycan türkcəsində kitablar paylayır.
İran İslam Respublikasının konstitutiyasında qeyri-fars etniklərin məktəblərdə rəsmi dili olan farsca ilə yanaşı ana dilini tədris edə bilməsi qeyd olunsa da, onlara 40 ildən sonra hələ bu hüquq verilməmişdir.