Şərqi Azərbaycanda baş verən iş qəzaları nəticəsində təkcə beş ay ərzində 29 fəhlə həyatını itirib.
İRNA xəbər agentliyinin məlumatına əsasən, Şərqi Azərbaycan Ədli Tibb Baş direktoru Artin Kamali bu ilin (İran təqvimi ilə) ilk 5 ayında iş yerlərindəki qəzalar nəticəsində 29 nəfərin öldüyünü, ancaq keçən illə müqayisədə bu sayın 5 nəfər az olduğunu təsdiqləyib.
Həmin xəbərə görə, 15 nəfər yüksək hündürlükdən yıxılaraq, 10 nəfər ağır cismin toqquşması nəticəsində, 3 nəfər elektrik cərəyanı vurması və 1 nəfər də yanğın səbəbilə həyatını itirib.
Şərqi Azərbaycan Ədli Tibb Baş Direktoru ötən il vilayətdə baş verən iş qəzaları səbəbilə 73 nəfərin öldüyünü, 1306 nəfərin isə yaralandığını bildirib.
İran dövlətinin statistikasına əsasən, 2018-ci ildə 9996-ya yaxın işçi İranda qəza nəticəsində xəsarət alıb, bunlardan 97.2% -i kişilərə, yalnız 2.8% -i qadınlara aiddir. İranda yol qəzalarından sonra ölümün ikinci səbəbi işlə bağlı qəzalardır.
İranda ətraflı və düzgün iş qanunlarının olmaması və müvəqqəti müqavilələr üzündən 3 milyon 500 min işçi ən aşağı maaşlarla sığortasız işləyir.