Accessibility links

Şərqi Azərbaycanda pandemiyanın 4-cü dalğası ehtimalı var


Şərqi Azərbaycan vilayətində COVİD-19 xəstəliyinin dördüncü dalğasının yaranma ehtimalı var.

İRNA xəbər agentliyinin yaydığı məlumata əsasən, vilayətin 4 şəhərində pandemiya ilə bağlı vəziyyətlə əlaqədar təhlükə səviyyəsinin narıncı rəngdə göstərilməsi ilə vilayətdə 4-cü dalğanın müşahidə olunması ehtimalı artıb.

İranda COVİD-19-a yoluxma hallarında təhlükə səviyyəsi qırmızı, narıncı, sarı, ağ və yaşıl rənglər kimi kateqoriyalara bölünür. Keçən ay bu kateqoriyalara mavi rəng də artırılıb. Təhlükə səviyyəsi sarı kimi göstərilən şəhərlərdə daha az məhdudiyyət tətbiq edilməsi üçün mavi rəng müəyyən edilib. Bu kateqoriyaya aid şəhərlərdə bütün iş yerləri elan edilmiş sağlamlıq protokollarına uyğun olaraq fəaliyyət göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, əhalinin 80 faizindən çoxu maskadan istifadə edib, sağlamlıq protokollarına riayət etsə də, COVİD-19 xəstəliyi ilə bağlı vəziyyətin normallaşmasını düşünmək hələ tezdir. Son həftələrdə əhali arasında xəstəliklə bağlı qorxuların azalması xəstəliyin yenidən yayıla bilməsi ilə bağlı narahatlıqların artmasına səbəb olub.

İranın Şərqi Azərbaycan valiliyinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini vilayətin Əcəbşer, Tufarqan (Azərşəhr), Sarab və Culfa şəhərlərində təhlükə səviyyəsinin narıncı rəngdə olduğunu bildirib.

Şərqi Azərbaycan vilayətinin vəziyyəti pandemiyanın ilk iki ayından başqa sonrakı yeddi ay ərzində qırmızı səviyyədə olub. Vilayətdə COVİD-19 xəstəliyinə yoluxub xəstəxanalarda yatanların ümumi sayı 1800-ə çatmışdı və səhiyyə işçiləri vilayətdə xəstələrin əsas etibarilə yerləşdirildiyi Təbrizdəki İmam Rza Xəstəxanasında çarpayıların dolu olduğunu bildirmişdi.

Digər tərəfdən isə ictimai fəallar dövlətin pandemiyaya nəzarət edilməsi üçün yetərli tədbirləri almadığı barədə tənqidlər irəli sürürlər. Şərqi Azərbaycan vilayətində toy salonları və üzgüçülük hovuzları istisna olmaqla, kafelər və restoranların açıq olduğu bildirilir.

İranda yüksək inflyasiya, qida məhsullarının artan qiyməti və yerli valyutanın zəifləməsi nəticəsində əhalinin dolanışıq vəziyyəti pisləşib, digər tərəfdən isə pandemiya məhdudiyyətlərinin tətbiq edilməsi əlavə iqtisadi çətinliklərin yaranmasına səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG