Accessibility links

Şahid: “Onlar müsavatçıdırlar, adamları mitinqə çağırırlar”


Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin cinayət işi üzrə proses davam edib.

Prosesdə şahid Arzuxanım Məmmədovanın ifadəsi dinlənilib. O bildirib ki, heç yerdə çalışmır, 90-cı illərdən Yeni Azərbaycan Partiyasının üzvüdür. İyulun 7-də islah müəssisəsində cəza çəkən oğluna baş çəkib. Evə qayıdarkən basta saytına daxil olub: bəzi məqalələri oxuyunca şok keçirib, çox narahat olub. "Onlar adamları mitinqə, iğtişaşlara çağırırdı. Bundan sonra dərhal Bakı Şəhər Prokurorluğuna getdim və ərizə yazdım, onu Elçin adlı müstəntiqə verdim,” o deyib.

Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

Mustafa Hacıbəyli şahiddən məqalələri oxuduğu saytın domen-ünvanının necə yazıldığını soruşub.

Arzuxanım Məmmədova cavabda deyib: "Basta.com. Mən hər şeyi bilirəm. Məni çaşdırmayın. Sosial şəbəkələrdə mənim profilim var və orada öz fikrimi bildirirəm."

Saytdakı hansı məqalələrin onu həyəcanlandırması ilə bağlı sualın cavabında şahid deyib ki, onu Gəncə və Mingəçevir hadisələri ilə bağlı məqalələr qorxudub. Lakin o, məqalələrin adlarını açıqlaya bilməyib və deyib ki, məqalələrdə iğtişaşlara və mitinqlərə çağırışlar yer alıb.

Məmmədova həmçinin bildirib ki, məqalələr saytda "Müsavat Partiyası" adlı rubrikada dərc edilib. Bu vaxt hakim şahidə müraciət edərək suallara konkret cavab verməyə, şərh verməməyə çağırıb.

"Mən niyə danışmamalıyam? Onlar müsavatçıdırlar, adamları mitinqə çağırırlar. Kimə lazımdır bu mitinqlər?
Şahid Arzuxanım Məmmədova

Arzuxanım Məmmədova deyib: "Mən niyə danışmamalıyam? Onlar müsavatçıdırlar, adamları mitinqə çağırırlar. Kimə lazımdır bu mitinqlər? Mən bunlarla davaya gəlmişəm. Elə sözümü deməyə yer axtarırdım. Camaatın balalarını çıxarırlar ki, gəlin gedək, mitinq eləyək, nümayiş eləyək. Mən bura müsavatçılara sözümü deməyə gəlmişəm,” o qeyd edib.

Hakim yenidən onun sözünü kəsərək mahiyyəti üzrə danışmağa çağırıb.

Sonra Mustafa Hacıbəyli şahidə sual verib ki, işsizdir, necə yaşayır? Şahid deyib ki, bir neçə mağazada mühasib çalışır. Hakim Hüseynov sual verib ki, əməkhaqqı alırmı, vergi ödəyirmi? Məmmədova müsbət cavab verib.

Onun prokurorluqda neçə dəfə olması ilə bağlı Mustafa Hacıbəylinin sualının cavabında şahid bir daha bildirib ki, orada iyulun 7-də axşam olub.

Hacıbəyli məhkəmə heyətinin diqqətinə çatdırıb ki, iş materiallarında göstərilib ki, şahid Bakı Şəhər Prokurorluğunda iki dəfə olub - 7 iyul və 23 iyul və iş üzrə ifadə verib.

Bastainfo.com saytındakı yazılardan həyəcanlandığı iddia olunan daha iki qadın var. Bunlar 45 yaşlı İlahə Xalidova və 51 yaşlı Zülfiyyə Babayevadır. Onlar da növbəti məhkəmədə dindiriləcəklər.

Hakim Səbuhi Hüseynov növbəti prosesi fevralın 12-nə təyin edib.

2018-ci ilin iyulunda Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza və Gəncədə icra hakimiyyəti başçısına edilən sui-qəsdlə bağlı bastainfo.com saytında başqa mediaya istinadən dərc edilən iki məqaləyə görə fakt üzrə cinayət işi qaldırılıb. Noyabrın 30-da saytın baş redaktoru Mustafa Hacıbəyliyə qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Məhkəmə ittihamları təsdiqləsə, Hacıbəyli 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Bastainfo.com saytına giriş bloklanıb, baş redaktor polisin nəzarətinə verilib.

Mustafa Hacıbəyli özünü günahkar saymır və ittihamı sifariş hesab edir.

XS
SM
MD
LG