Accessibility links

Şahin Hacıyev: "Media haqqında” yeni qanun hazırlanmasında məqsəd sosial şəbəkəyə yönəlib


Şahin Hacıyev: "Media haqqında” yeni qanun hazırlanmasında məqsəd sosial şəbəkəyə yönəlib
please wait

No media source currently available

0:00 0:07:03 0:00

Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində “Media haqqında” yeni qanun layihəsində jurnalistlərin fəaliyyətinin daha da məhdudlaşdırılması və internet televiziyaların lisenziyalaşdırılmasına dair müddəalardan danışıb.

Amerikanın Səsi: Sizcə, “Media haqqında” yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var idimi?

Şahin Hacıyev: Qısa desək, ehtiyac yox idi. Çünki qanunda qeyd olunan məsələlərin tənzimlənməsi üçün vacib sayılan məsələlər artıq hal-hazırda qüvvədə olan qanunvericiliklə tənzim edilir. Ona görə də belə bir yeni nəsə tətbiq etməyə ehtyac yoxdur.

Amerikanın Səsi: Parlamentin geniş ictimai müzakirələr təşkil edilmədən, çoxsaylı tənqidlərə məruz qalan qanun layihəsini müzakirəyə çıxarması hansı zərurətdən irəli gəlir?

Şahin Hacıyev: Bunun müxtəlif səbəbləri var. Təbii ki, bu cür ciddi qanun təklif edilirsə ictimaiyyətlə mütləq müzakirə olunmalı idi. Çox təəccüblüdür ki, jurnalistlərlə, ekspetlərlə müzakirə edilmədən layihə hazırlanır. Aydın deyil, bunu kim hazırlayıb? İkincisi, layihə hazırlanan zaman nəyə görə mütəxəssislər dəvət edilməyib?. Belə tələm-tələsik qanunun qəbul olunması, müzakirə edilməsi məntiqli deyil .

Amerikanın Səsi: Sizin fikrinizcə, bu yeni qanun layihəsinin hazırlanmasında məqsəd nədir?

Şahin Hacıyev: Mənim fikrimcə, məqsəd sosial şəbəkəyə yönəlib. Yəni YouTube-da , Facebook-da səslənən tənqidi fikirlərin qarşısının alınması və əsasən də Azərbaycandan xaricdə fəaliyyət göstərən jurnalistlərin fəaliyyətini məhdudlaşdırmaq. Bunun müxtəlif variantları ola bilər. Tutalım, həmin o mediaların, jurnalistlərin, blogerlərin hansısa reportajlarında qeyri-qanuni və yaxud qanunu pozan elementlər var, yeni qanuna əsasən ,Azərbaycan rəsmi olaraq youtube müraciət edə bilər ki, məsələn, filan reportajda Azərbaycanın qanunvericiliyi pozulub. Ona görə də bunu bloklayın. Çox güman ki, məqsəd də bundadır. Çünki digər səslənən səbəblər, tutalım, reket jurnalistlərin qarşısının alınması, buna görə yeni qanuna ehtiyac yox idi.

Amerikanın Səsi: Qanun layihəsində platforma yayımçıları anlayışı tətbiq olunur. Onların lisenziyalaşdırılması nəzərdə tutulur. Bu qayda medianın fəaliyyətinə necə təsir edəcək?

Şahin Hacıyev: Lisensiyalaşdırmanın məqsədi qanuni və qeyri-qanuni jurnalistikanı müəyyən etməkdir. Nə mənada? Əgər deyirlərsə məcburi deyilsə, təbii ki, sən bunu etməyə bilərsən. Amma, əgər lisenziyan yoxdursa, reyestrə adın düşməyibsə, sən qeyri-ciddi jurnalistsən və yaxud qeyri-rəsmi jurnalistsən. Bu o deməkdir ki, sənin mətbuatda mövqeyin, sənin rəsmi və qeyri-rəsmi orqanlarla münasibətin, fəaliyyətin məhdudlaşır. Lisensiyanın verilməsi məsələsi var. Əgər, belə qısa desək, səndən xoşları gəlmirsə, deməli, lisenziyanı da almayacaqsan. Bu artıq haradasa fəaliyyətin məhdudlaşdırılmasının legitim yoludur.

Amerikanın Səsi: Ölkədə jurnalistlərin reyestrinin yaradılması nəzərdə tutulur. Medianın və jurnalistlərin müəyyən çərçivələrə salınması yaradıcılıq azadlığına təsir göstərə bilərmi?

Şahin Hacıyev: Əlbəttə, mütləq göstərəcək .İndiyədək özünüsenzura anlayışı faktırı var idi. Artıq bundan sonra bu, bir az da güclənəcək. Yəni, jurnalistlər başa düşürlər ki, hansısa mövzulara toxunsa və yaxud hansısa şəxsləri tənqid eləsə həmin bu reyestr məsələsi və digər məhdudiyyət buna qarşı istifadə oluna bilər.

Amerikanın Səsi: Qanun layihəsi media azadlığına təminat verirmi?

Şahin Hacıyev: Xeyr. Media azadlığına ilk növbədə mühit və hakimiyyətin mediaya münasibəti təminat verir. Əgər, hakimiyyət media azadlığını siyasi faktor kimi özünə təhlükə kimi görürsə qanunlardan asılı olmayaraq, o fəaliyyət ya məhdudlaşdıra bilər və yaxud normal fəaliyyət göstərə bilər. İndiyə qədər Azərbaycanda mediaya dəstək adı ilə xeyli qanun qəbul edilib. Amma, söhbət o qanunların, qərarların sayından yox, onların mahiyyətindən yox, onların tətbiq edilməsindən gedir. Ona baxmayaraq ki, kağızda , qanunlarda bütün bu zəmanətlər var. Əslində mətbuatın fəaliyyətinin məhdudlaşdırılması, jurnalistlrin hüquqlarının pozulması, informasiyaya çıxış, bunlar tamamilə kağızda yazılanlara uyğun deyil. Ona görə də əsas söhbət tətbiq edilmədir.

"Media haqqında" yeni qanun

Dekabrın 10-da Milli Məclisin komitələrində "Media haqqında" yeni qanun layihəsinin müzakirəsi başlayıb.Bu anadək sənəd ictimai müzakirələr üçün açıq olmayıb. On gün müddətində Milli Məclis qanun layihəsini iki oxunuşda qəbul edib.

Dekabrın 9-da Medianın İnkişafı Agentliyi bildirib ki, “Media haqqında” yeni qanun layihəsi, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, media subyektləri və jurnalistlərin peşəkarlıq meyarına uyğun fəaliyyət göstərə bilmələri üçün hüquqi təminatın yaradılmasını nəzərdə tutur.

Yerli medianın məlumatına görə, “Media haqqında” qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.

“Kütləvi informasiya əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırılan media subyektləri tərəfindən dərc olunan və ya yayımlanan məlumatlardır. Media kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və ya yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onların yaratdığı informasiya mühitidir. Media subyekti əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və ya yayımlanması olan fiziki və ya hüquqi şəxsdir. Redaksiya isə veb saytlar, qəzetlər və digər dövri nəşrlərin, habelə televiziya və radio kanallarının və sifarişli yayım xidmətinin yaradıcı heyətindən ibarət bölmədir.”

Layihəyə əsasən, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcək.

Azərbaycan rəsmiləri ölkədə plüralizmin təmin olduğunu deyir

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir. Rəsmilər hesab edir ki, media ilə bağlı monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı 20-dən çox jurnalist məhkəməyə verilib. Jurnalistlərə qarşı otuzdan çox insident qeydə alınıb. Ölkənin iki jurnalisti münaqişə bölgəsində mina partlayışı nəticəsində həlak olub.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində Azərbaycan 167-ci yerdə qərarlaşıb. Yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda son illərdə ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsədədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.

XS
SM
MD
LG