Çərşənbə günü Vaşinqtonda Konqreslə danışıqlar zamanı tərəflər 35 gün davam edən və ötən həftə başa çatan hökümətin qismən bağlanmasına səbəb olan sərhəd təhlükəsizliyinin maliyyələşdirilməsi üçün kompromis tapmağa çalışıblar. Tərəflərin həll yolunu tapmaq və ya hökümətin yenidən bağlamasına yol vermək üçün fevralın 15-nədək vaxtları var.
ABŞ tarixində ən uzun “şatdaundan“ sonra federal işçilər yenidən öz işlərinə qayıdıb.
Prezident Donald Trampla müxalif demokratların sərhəd təhlükəsizliyi mövzusunda kompromisə gəlməyə razılaşdıqdan sonra “şatdauna“ məruz qalan qurumlar yenidən açılıb.
Tramp Twitter-də yeni xəbərdarlıq edib ki, hər hansı bir razılaşma sərhəd divarının maliyyələşdirilməsini əhatə etməlidir.
“Hökümət ya fevralın 15-də yenidən bağlanacaq, ya da mən fövqəladə vəziyyəti elan etmək üçün Konstitusiya və ABŞ qanunlarına əsasən mənə verilən səlahiyyətlərdən istifadə edəcəyəm", ABŞ prezidenti Donald Tramp.
Lakin Senat lideri Mitç MakKonnell və Respublikaçılar arasında daha bir “şatdauna“ həvəs azdır.
““Şatdaunu sevmirəm“. Bunun kimin üçünsə yaxşı olduğunu düşünmürəm, bunun qarşısını almaq lazımdır", Senatın çoxluq lideri Mitç MakKonnell.
Rəy sorğularında ictimaiyyət əsasən “şatdauna“ görə Tramp və Respublikaçıları günahlandırıb.
“Ümid edirəm bu prezident Donald Trampa və bütün respublikaçı həmkarlarıma dərs oldu ki, daha heç bir “şatdaun“ olmasın. Prezident Tramp çox həssas məsələyə toxunub. Ümid edirəm bir də belə etməz", Senatın azlıq lideri Çak Şumer.
Bir neçə sorğu şatdaunun uzanması ilə Trampın etimad reytinqinin 40%-dən aşağı düşdüyünü göstərib.
"Göründüyü kimi, bir dönüş nöqtəsinə çatdıq. Prezident "şatdaunun" adi insanlara təsirini qəti şəkildə yanlış qiymətləndirib. Ağ Evdə heç kim federal hökumətin fəaliyyətinin bütün Amerika iqtisadiyyatı üçün nə qədər vacib olduğunu tam olaraq anlamayıb", təhlilçi Elain Kamark.
Qubernator Kris Kristi də daxil olmaqla bəzi Tramp tərəfdarları prezidentin "şatdaunun" yartdığı vəziyyətdən nəticələr çıxararaq geri çəkiləcəyinə ümid edir.
“Demək istəyirəm ki, o, siyasətdə az sayda gördüyüm insanlar kimi qorxmazdır. Bu yaxşı tərəflərdəndir. Lakin impulsiv, emosiyalarla hərəkət etdiyiniz zaman və "şatdaun" zamanı olduğu kimi, plan olmadığı halda bu, pis nəticələnə bilər", sabiq qubernator Kris Kristi.
"Şatdaunun" sevilməməsini nəzərə alsaq, bir çox Tramp tərəfdarları prezidenti Konqres nümayəndələri ilə kompromisə gedə bilmədiyi halda divarı qurmaq üçün sərhəddə fövqəladə vəziyyət elan etməsini gözləyir.
Təhlilçi Con Fortyer deyir ki, seçki kampaniyasının vədi olan sərhəd divarı çox mühümdür.
“Bu seçki kampaniyasının şüarı idi. Bu elə bir şeydir ki, o tamamilə təslim olmanı görmək istəmir və bu güzəştə getməyi daha da çətinləşdirir", təhlilçi Con Fortyer.
Təhlilçi Elain Kamarkın fikrincə, Tramp tərəfdarlarını məmnun etmək üçün yenidən seçilmək ümidlərini azalda bilər.
“O, vəzifədə olduğu iki il ərzində öz seçici bazasını genişləndirməyə çalışmayıb. Bu prezident üçün faciədir, çünki seçiciləri itirmək ehtimalı qaçılmazdır", təhlilçi Elain Kamark.
Prezidentin sərhəd divarı mövzusunda çıxış etmək üçün ən yaxşı fürsət - çərşənbə axşamı İllik Hesabat məruzəsi ilə Konqresinin və milli televiziya auditoriyasının qarşısında çıxışıdır.