Accessibility links

Şiddətli döyüşlər davam edir


Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində şiddətli döyüşlər davam edir. Bu barədə hər iki ölkənin müdafiə nazirlikləri məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Azərbaycan Ordusunun cəbhə xəttində irəlilədiyini bildirib.

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Azərbaycan prezidenti "Twitter" səhifəsində bildirib.

Ermənistan Müdafiə Nazirliyi xəbəri təsdiq yaxud təkzib etməyib. Nazirliyin sözçüsü Şuşan Stepanyan erməni qüvvələrin "humanitar atəşkəsin şərtlərinin riayət etməyə" hazır olduqlarını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi xəbər verib ki, gecə ərzində cəbhənin bəzi istiqamətlərində erməni tərəfi fəallaşmağa cəhd göstərib.

“Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır,” mətbuat xidməti bildirib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb ki, ötən gecə cəbhədə vəziyyət stabil-gərgin olaraq qalıb.

“Müxtəlif istiqamətlərdə qarşılıqlı artilleriya atışmaları davam edib. Səhər tezdən düşmən humanitar atəşkəs rejimini pozaraq şimal istiqamətində hücum hərəkətlərini bərpa edib,” Stepanyan qeyd edib.

Ermənistan Müdafiə Nazirliynin rəsmi nümayəndəsi Artsrun Hovanisyan Facebook səhifəsində yazıb ki, cəbhənin şimalında şiddətli döyüşlər davam etdirilir.

"Səhər tezdən bir saatlıq artilleriya hazırlığından sonra Azərbaycan tərəfi hücuma keçərək bizim mövqelərə həmlə edib. Erməni qüvvələri güclü əks həmlə edərək düşməni geri oturdub," o, qeyd edib.

Ermənistan cümə günü əlavə 29 hərbiçisinin öldürüldüyünü və beləliklə ümumilikdə öldürülən hərbiçilərinin sayı 633 nəfərə çatdığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini pozaraq səhər saatlarından başlayaraq Ordubad, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazilərini atəşə tutduğu barədə məlumat yayıb.

“Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib,” nazirlik bildirir.

Ermənistan rəsmiləri Ordubada hücum edilməsi barədə ittihamı rədd edib.

Mülki itkilərə gəlincə, Azərbaycan Baş Prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən indiyədək Azərbaycanın 47 mülki vətəndaşı həlak olub, 222 nəfər yaralanıb.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan tvitter səhifəsində yazıb ki, sentyabrın 27-dən inidyədək 32 dinc sakin həlak olub, 106 nəfər yaralanıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi oktyabrın 10-da bildirib ki, öldürülənlərin cəsədlərinin təhvil verilməsinə və məhbusların sərbəst buraxılmasına kömək etməyə hazırdır.

“Tərəflər öz aralarında format barədə razılığa gəlməlidir. Onlarla davamlı müzakirələr, təkliflərin mübadiləsini aparırıq. Əməliyyatın başlaması üçün maddi-texniki tənzimləmələr aparılmalı və komandalarımızın təhlükəsizliyi təmin edilməlidir.”

Beynəlxalq Qırmızı Xaç Komitəsi proqnozlaşdırır ki, bölgədəki ən az on min insanın yaxın bir neçə ay ərzində dəstəyə ehtiyacı olacaq.

“Bu məqsədlə əlavə 9,2 milyon İsveçrə frankına təcili müraciət etdik və artıq hökumətlərdən səxavətli ianələr almağa başladıq, buna görə çox minnətdarıq,” təşkilatın bəyanatında deyilir.

Nyu Yorkda BMT Baş Katibinin sözçüsü Antonio Quterreşin cümə axşamı Ermənistan Xarici İşlər Naziri ilə telefonda danışdığını və cümə günü Azərbaycan Xarici İşlər Naziri ilə danışacağını bildirib.

"Biz mülki əhalinin davamlı şəkildə əziyyət çəkməsindən narahatıq. Mülki əhalinin və infrastrukturun hədəf alınması güclü şəkildə qınanılmalıdır," sözçü Stefan Ducarriç bildirib. O, atəşkəsə tam riayət olunmasının vacibliyini vurğulayıb.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, münaqişə nəticəsində 30 000-dən çox insan öldürülüb, 4 500-dən çoxu itkin düşüb, minlərlə insan minalar və partlamamış hərbi sursatlar nəticəsində yaralanıb.

"Bu qarşıdurmanın nəticəsi olaraq bölgədə insanlar uzun müddətdir ki, ani bir döyüş dalğası nəticəsində yaralanmaq və ya öldürülmək qorxusu ilə yaşayır," Beynəlxalq Qırmızı Xaç Komitəsi qeyd edir.

XS
SM
MD
LG