Accessibility links

Şimali İrlandiyada bir qadın iğtişaş zamanı öldürülüb


Cümə axşamı Şimali İrlandiyada bir qadın iğtişaş zamanı güllələnərək öldürülüb.

Polis rəis müavini Mark Hamilton bəyanatında deyib ki, Londonderri şəhərinin Kreqqan rayonunda baş vermiş hadisə terror hadisəsi kimi qiymətləndirilir və insidentlə bağlı cinayət işi qaldırılıb.

Yerli jurnalist Leona O`Neill özünün tvitter hesabında qadına güllə atılan an onun yanında dayandığını yazıb. “Mən onun üçün təcili yardım çağırdım. Amma polis onu öz maşınlarına qoydu və xəstəxanaya apardı. Qadın xəstəxanada keçindi. Onun 29 yaşı var idi. Özümü çox pis hiss edirəm” - deyə, O`Neill bildirib. O həmçinin, hadisə baş verən anı videoya çəkib.

Şimali İrlandiyanın iki böyük siyasi partiya İrland Respublika Sinn Fein Partiyası və Britaniya tərəfdarı Demokratik İttifaq Partiyası hücumu pisləyib.

Demokratik İttifaq Partiyasından Arlen Foster tvitterdə “Acınacaqlı xəbərdir. Mənasız bir hərəkət. Bir ailədə bədbəxt hadisə baş verdi. 70-ci, 80-ci və 90-cı illərdə bizim küçələrə silah gətirənlər səhv edib. Bu, 2019-cu ildə də səhv addım hesab edilir” yazıb.

Sosial mediyaya yerləşdirilən videoda iki maşının yandığı və başı örtülü iki nəfərin polisə Molotov kokteylləri atdığı göstərilir.

XS
SM
MD
LG