Accessibility links

Şimali Koreya ABŞ-ı oğurluqda ittiham edir


Şimali Koreya çərşənbə axşamı Birləşmiş Ştatları oğurluqda ittiham edib və beynəlxalq sanksiyaları pozduğuna görə ələ keçirilən yük gəmisinin dərhal geri qaytarılmasını tələb edib.

Şimali Koreyanın Xarici İşlər Nazirliyi rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi vasitəsilə yaydığı bəyanatda ABŞ-ın gəmini ələ keçirməsinin “nəticələrinin”olacağı ilə bağlı xəbərdarlıq edib.

"ABŞ oğurluğu səbəbilə yaranan bu vəziyyətin nəticələri barədə ətraflı düşünüb, gəmimizi geri qaytarmalıdır" , çərşənbə günü açıqlanan bəyanatda bildirilib.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin bəyanatında bildirilib ki, gəminin ələ keçirilməsi 2018-ci ildə ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Conq Un arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılması ilə bağlı əldə olunan razılığa ziddir.

Birləşmiş Ştatlar ötən həftə 2018-ci ildə İndoneziya rəsmiləri tərəfindən saxlanılan Wise Honest gəmisini ələ keçirdiyini elan edib.

Wise Honest
Wise Honest

ABŞ rəsmiləri deyir ki, Şimali Koreyanın 17 min tonluq ikinci ən böyük yük gəmisi beynəlxalq sanksiyaları pozaraq Şimali Koreyanın kömürünün ixracında istifadə olunub.

Bu, ilk dəfədir ki, ABŞ rəsmiləri Şimali Koreya gəmisini ələ keçirir.

Bu addım Şimali Koreya ilə Birləşmiş Ştatlar arasında münasibətləri daha da gərginləşdirib.

Belə görünür iki ölkə bir il davam edən nüvə danışıqlarından sonra yenidən düşmənçilik daxil olur.

Şimali Koreya bir il yarım ara verəndən sonra son həftələrdə yenidən balistik raketlərinin sınaqdan keçirməyə başlayıb.

ABŞ rəsmiləri üç qısamənzilli raket sınaqlarına əhəmiyyət verməyərək, Şimali Koreya ilə danışıqların hələ də mümkün olduğunu bildirib.

2018-ci ilin iyun ayında aralarında keçirilən ilk sammitdə Tramp və Kim münasibətləri yaxşılaşdırmağa və “Koreya yarımadasının nüvəsizləşdirilməsi” yolunda işlər görməyə söz vermişdi.

Lakin bu danışıqlar Trampla Kim arasında fevral ayında Vyetnamda keçirilən ikinci sammitdə heç bir razılığın əldə olunmaması səbəbilə dayandırılıb.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un Hanyodakı sammitdə.
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un Hanyodakı sammitdə.

Həmin sammitdə Kim Birləşmiş Ştatların Şimali Koreya iqtisadiyyatına zərər vuran sanksiyaların yüngülləşdirməsi müqabilində Şimali Koreyanın əsas nüvə obyektini sökməyi təklif edib.

Tramp isə Şimali Koreya nüvə silahı proqramından tam əl çəkməyənədək sanksiyaları yüngülləşdirməyəcəyini bildirib.

Wise Honest-in ələ keçirilməsi ABŞ rəsmilərinin Şimali Koreyaya qarşı “maksimum təzyiq” adlandırdıqları kampaniyanın bir hissəsidir.

ABŞ və Birləşmiş Millətlər Təşkilatının tətbiq etdiyi bir sıra sanksiyalarına əsasən, Şimali Koreyanın kömür kimi materialların ixracı kimi bir sıra iqtisadi fəaliyyətlə məşğul olması qadağandır.

Şimali Koreya Wise Honest kimi gəmilərdən istifadə edərək xam materialları gəmidən-gəmiyə köçürərək, sanksiyalardan yan keçə bilib.

2018-ci ildə saxlanıldığı zaman Wise Honest 25 min 500 ton kömür daşıyırdı ki, həmin vaxt bu yükün dəyəri 3 milyon dollar idi.

ABŞ rəsmiləri Şimali Koreyanın kömür satışından əldə olunan pulu silah proqramına xərclədiyinə inanır.

Gəmi bu həftə ABŞ-ın Amerika Samoası adlı ərazisindəki Paqo Paqo limanına gəlib.

XS
SM
MD
LG