Şimali Koreya ABŞ-ın beynəlxalq sanksiyalar çağırışını qınayır.
Şimali Koreyanın rəsmi xəbər agentliyi, KNCA, onlayn bəyanat yayaraq bildirib ki, “ABŞ dialoq apardığı tərəfdaşı ilə ən bəsit davranış qaydalarına riayət etmir və öncəki administrasiyaların uğursuz "aktyorluq ssenarisini" təkrarlamağa davam etdiyi təqdirdə, nüvəsizləşdirmə də daxil olmaqla Şimali Koreya ilə ABŞ-ın birgə bəyanatının həyata keçirilməsini gözləmək olmaz.”
Prezident Donald Trampın çərşənbə axşamı Nyu Cersidə qolf klubunda biznes liderlərinə təsvir etdiyi ABŞ-Pxenyan münasibətləri isə Şimali Koreyanın cavabından fərqlənib.
“Bizim Şimali Koreya ilə münasibətlərimiz yaxşıdır, məncə çox gözəl danışıqlar gedir. Bu danışıqlar uzun illərdir davam edir. Biz üç ay öncə orda idik. Bəziləri deyir ki, bəs proses nə üçün tez irəliləmir? Onlar bu məsələ üzərində 40 ildir işləyir. Amma biz üç ay öncə başlamışıq. Biz dustaqlarımızı geri aldıq. Yaponiya üzərində artıq raket uçmur, havaya raket göndərilmir, nüvə sınaqları keçirilmir və bizim Şimali Koreya ilə münasibətlərimiz yaxşıdır” - deyə, Tramp bildirib.
Şimali Koreyanın xarici işlər nazirliyi həmçinin bildirib ki, Pxenyan iyunun 12-də ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında keçirilən sammitdə əldə olunan razılıqları həyata keçirmək istəyir.
Prezident Trampın Kimlə ikinci sammit keçirəcəyi gözlənilir, amma hər hansı rəsmi açıqlama verilməyib.