Accessibility links

Şimali Koreya: "ABŞ nüvə təhdidlərindən əl çəkməyincə, nüvəsizləşmə baş tutmayacaq"


Şimali Koreya bildirib ki, ABŞ Pxenyanın nüvə təhlükəsi adlandırdığı hədələrindən əl çəkməsə, Pxenyan təktərəfli nüvə silahlarından imtina etməyəcək.

“Respublikamız və ABŞ-ın işğalçı qüvvələrini və nüvə silahlarını yerləşdirdiyi Cənubi Koreyanın bütün əraziləri dedikdə, bütöv Koreya yarımadası nəzərdə tutulur. Yarımadanın nüvəsizləşməsindən söhbət gedirsə, burada bütün nüvə təhdidləri, təkcə Şimali və Cənubi Koreyalar deyil, qonşu bölgələr də nəzərdə tutulur” , bəyanatda bildirilib.

ABŞ nüvə silahlarını Cənubi Koreyadan 1990-cı illərdə çıxarıb.

Vaşinqtonla Şimali Koreya arasında nüvə silahlarından imtina və beynəlxalq sanksiyaların qaldırılması üzrə danışıqlarda çıxılmaz durum yaranıb.

Şimali Koreya lideri Kim Cong Un və ABŞ Prezidenti Donald Tramp iyunun 12-də Sinqapurda görüşüb. Onlar Koreya yarımadasının “tamamilə nüvəsizləşdirilməsi” barədə razılığa gəlsələr də, bunun nə vaxt və necə baş verəcəyini açıqlamayıblar.

O vaxtdan Vaşinqtonla Pxenyanın nüvə danışıqları yerində sayır. Vaşinqton istəyir ki, Pxenyan potensial saziş çərçivəsində təftiş olunacaq və söküləcək nüvə və raket obyektlərinin hesabatını versin. Şimali Koreya isə ilk öncə sanksiyaların qaldırılmalı olduğunu deyir.

Bu bəyanatdan bir gün öncə Birləşmiş Ştatların Şimali Koreya üzrə xüsusi elçisi Stefen Biequn qeyd edib ki, Vaşinqton humanitar göndərişləri asanlaşdırmaq, nüvə danışıqlarındakı çıxılmaz durumu yüngülləşdirmək üçün Pxenyana qarşı səyahət qadağalarını yumşaltmağı nəzərdən keçirir.

Şimali Koreyanın bəyanatına nə rəsmi Vaşonqton, nə də Seul münasibət bildirib.

XS
SM
MD
LG