Accessibility links

Şimali Koreya növbəti Tramp-Kim sammitində maraqlı olmadığını bildirir


Şimali Koreya ABŞ ilə növbəti zirvə görüşü üçün şansın az olduğunu bildirib. Bu açıqlama bu həftə prezident Donald Trampın Şimali Koreya lideri Kim Jong Un ilə yenidən görüşməyə açıq olduğunu söyləməsindən sonra verilib.

Şimali Koreyanın dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyinin cümə günü verdiyi məlumata əsasən, Kim Conq Un-un bacısı Kim Yo Conq bildirib ki, ABŞ dayandırılmış nüvə danışıqlarına münasibətini dəyişdirməyənə qədər başqa bir sammit "bizim üçün faydalı olmayacaq".

"Bu mənim şəxsi fikrimdir, amma ABŞ və Şimali Koreya arasında bu il hər hansı bir zirvə görüşü olmayacaq" - deyə o bildirib. Kim Yo Conqun son zamanlar Şimali Koreyada liderlik rolunun artdığı müşahidə edilir.

Lakin bununla belə o, Tramp və Kim Jong Un arasındakı əlaqələrin möhkəm qaldığını və bunun ehtimal ki, "ekstremal təxribatların" qarşısını aldığını bildirib.

"Bizim ABŞ-ı təhdid etmək kimi niyyətimiz yoxdur ... əgər onlar bizə toxunmasalar və bizə zərər verməsələr, hər şey öz normal axarı ilə davam edəcək" - deyə, o əlavə edib.

Tramp bu həftənin əvvəlində Kim Jong Un ilə yenidən görüşməyə açıq olduğunu söyləyib. "Mən başa düşürəm ki, onlar görüşmək istəyir və şübhəsiz ki, biz bunu edə bilərik" - deyə, Tramp çərşənbə axşamı Gray TV-ə verdiyi müsahibəsində bildirib.

Lakin Trampın bu açıqlamaları çaşqınlığın yaranmasına səbəb olub. Çünki Şimali Koreya bir neçə aydır ABŞ-la dialoqu bərpa etməkdə maraqlı olmadığını bildirir.

Şimali Koreya nüvə proqramını qismən dayandırmaq üçün məhdud addımlar qarşılığında ABŞ-ın sanksiyaları yüngülləşdirmək və təhlükəsizlik zəmanətlərindən imtina etməsindən məmnun deyil.

"Biz demirik ki, nüvəsizləşməyəcəyik, lakin bunu indi həyata keçirə bilmərik", Şimali Koreyanın atacağı hər hansı bir addımının ABŞ-ın müvafiq addımları ilə uyğunlaşmalı olduğunu vurğulayan Kim Yo Conq deyib.

Tramp və Kim Şimali Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etmək məqsədilə 2018-ci ildən bəri üç dəfə görüş keçirib, lakin 2019-cu ilin fevral ayında Vyetnamda keçirilən ikinci sammitdən sonra danışıqlar dayanıb. Həmin sammitdə ABŞ Şimali Koreyanın nüvə ambisiyalarından qismən imtina etmək şərti ilə sanksiyalardan azad olunmaq tələbini rədd edib.

Trampla Kim arasında dialoq yarandığından bəri Pxenyan nüvə və uzunmənzilli raketlərin sınağını dayandırıb, lakin nüvə silahının inkişafını hələ də davam etdirir. Təxminlərə görə Şimali Koreya hazırda 40 nüvə bombasının istehsalı üçün kifayət qədər materiala malikdir.

XS
SM
MD
LG