Şimali Koreya koronavirus pandemiyası ilə bağlı narahatlıqlarına görə yaxınlaşmaqda olan Tokio Olimpiya Oyunlarına qatılmayacağını açıqlayıb.
Ölkənin idman nazirliyi bazar ertəsi etdiyi açıqlamada bu qərarın "oyunçuları COVID-19-un səbəb olduğu dünya səhiyyə böhranından qorumaq üçün" verildiyini qeyd edib.
Şimali Koreya bu qərarı yerinə yetirsə, ölkə 1988-ci ildə Seulda keçirilən oyunları bəri ilk dəfə olaraq Olimpiyadaya qatılmayacaq. Şimali Koreya Tokioda bu ilki oyunlardan çıxan ilk ölkədir.
Koronavirus səbəbilə Tokio oyunları bir il təxirə salınsa da, virusun yayılmasının qarşısını almaq üçün sərtləşdirilmiş tədbirlər çərçivəsində 23 iyul tarixində başlayacaq.
Xəstəliklərin yayılmasına xüsusilə həssas olan Şimali Koreya dünyada koronavirusa qarşı ən sərt tədbirlərin tətbiq edildiyi ölkə hesabe edilir.
Bir ildən çoxdur ki, ölkə öz sərhədlərini demək olar ki, tamamilə bağlamağa çalışır və daxili səyahət məhdudiyyətlərini daha sərt şəkildə həyata keçirir.
Şimali Koreya sərhəd məhdudiyyətlərinin virusun ölkəyə daxil olmasının qarşısının alınmasında müvəffəq olduğunu israr etsə də, bu iddia mütəxəssislər tərəfindən rədd edilib.
Koreya üzrə bəzi müşahidəçilər Pxenyanın pandemiyadan əhaliyə daha böyük nəzarət tətbiq etmək məqsədilə sərt məhdudiyyətlərin qeyri-müəyyən müddətə uzatmaq üçün istifadə edəcəyindən narahatlıqlarını ifadə edirlər.
Müşahidəçilər Şimali Koreyanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və lazımi səhiyyə infrastrukturuna malik olmadığını qeyd edib. Koronavirusla əlaqədar təcrid vəziyyətin daha da pisləşməsinə gətirib çıxarıb - ölkədə qida və dərman çatışmazlığı haqda xəbərlər yayılır.