Accessibility links

Şimali Koreya sentyabr ayında dördüncü dəfə raket sınağı keçirib


Şimali Koreyanın dövlət mediası xəbər verib ki, ölkə yeni raket texnologiyasından istifadə edərək sentyabr ayında dördüncü zenit raketini sınaqdan keçirib.

Koreya Mərkəzi Xəbər Agentliy cümə axşamı naməlum bir yerdən mobil buraxılış vasitəsi ilə atılan "yeni hava əleyhinə raketin" yalnız bir şəklini yayımlayıb.

Raket üzrə təhlilçilər sınağın kiçik bir inkişafı təmsil etdiyini, bunun Şimali Koreyanın raket bazasını sürətlə modernləşdirmək və nümayiş etdirmək strategiyasının bir hissəsi olduğunu deyib.

"Görünür onlar bunun (yer-hava raketinin) daha əvvəlki zenit raketi Pongae-5-dən daha qabiliyyətli olduğunu göstərməyə çalışır - deyə, Karnegi Beynəlxalq Sülh Fondunun nüvə silahı üzrə mütəxəssisi Ankit Panda bildirib.

Şimali Koreya Pongae-5-i 2017-ci ildə dövlət mediasının sözlərilə, "bəzi qüsurları" aşmasından sonra əməliyyat qabiliyyətli elan edib. Raketlər əgər müharibə olarsa, Cənubi Koreya və ABŞ-a meydan oxumaq üçün nəzərdə tutulub.

Dövlət mediası Şimali Koreyanın çox məşğul bir ayın son günündə keçirdiyi sınaq haqqında çox az məlumat verib.

Şimali Koreya sentyabr ayında yeni uzunmənzilli qanadlı raketini, yeni qısamənzilli ballistik raketlərini və yeni hipersəsli raketini sınaqdan keçirib.

Dövlət mediası çərşənbə günü Şimali Koreyanın yeni hipersəsli bir raketini sınaqdan keçirdiyini bildirmişdi. Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreyanın şimal regionundakı Caqanq vilayətinin səmasına buraxdığı hipersəsli Hvason-8 adlanan raketin ilk fotosunu yayımlamışdı.

KCNA-nın hesabatında sınağın müvəffəqiyyətlə keçirildiyi və bu hipersəsli silahın Şimali Koreya lideri Kim Conq Unun yanvar ayında böyük siyasi bir toplantıda bəyan etdiyi beşillik müdafiə planının "beş prioritetindən" biri olduğunu bildirilmişdi.

XS
SM
MD
LG