Accessibility links

Şimali Koreya yenə raket atıb


Şimali Koreya şərq sahilində dənizə qısa-mənzilli raketlər atıb. Bu barədə Cənubi Koreya ordusu xəbər verib. Bu, Pxenyanın ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini davam etdirməsinə qarşı qəzəb göstərisidir.

Seulun Birgə Qərargahlar Rəisinin verdiyi məlumata görə, Şimali Koreya cümə günü ölkənin şimal-şərqindəki Qanqavon vilayətindən iki “naməlum raket” atıb. Bəyanatda bildirilib ki, raketlər 230 kilometrlik məsafəni qət edərək, 30 kilometr hündürlüyə çatıb.

Şimali Koreya son üç həftə ərzində altı dəfə raket atıb. Bu sınaqlar Cənubi Koreyaya qarşı sərt bəyanatlarla yanaşı Seul və Vaşinqtonla danışıqlar aparmaqdan imtina edən Pxenyanın təxribatçı mövqeyinə geri döndüyünüə işarə edir.

Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası cümə günü fövqəladə iclasdan sonra Şimali Koreyanı raket sınaqlarına son qoymağa çağırıb və xəbərdarlıq edib ki, onların bu fəaliyyəti hərbi gərginliyi artıra bilər.

Şimali Koreyanın cümə günü hansı raketi atdığı bəlli olmasa da, onların bu yaxınlarda ABŞ-Cənubi Koreyanın raket müdafiə sistemlərinidən yan keçəcək qısa-mənzilli balistik raket sınaqdan keçirdiyi güman edilir.

BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri altında Şimali Koreyanın hər hansı balistik raket sınaqdan keçirməsi qadağandır. Lakin ABŞ prezidenti Donald Tramp deyir ki, onun raket sınaqları ilə "problemi yoxdur” və onlar ABŞ-a çata bilməz.

ABŞ-la Cənubi Koreyanın birgə hərbi təlimləri
ABŞ-la Cənubi Koreyanın birgə hərbi təlimləri

Tramp ötən həftə söyləyib ki, Şimali Koreya lideri Kim Conq Un raket sınaqlarına görə “yüngül üzrxahlıq edib” və ABŞ-la Cənubi Koreyanın hərbi təlimlərini başa çatanda sınaqlara son qoymağa söz verib.

Hazırkı təlimlərin avqustun 20-də başa çatacağı gözlənilir.

Şimali Koreya uzun zamandır təlimlərin aqressiv olduğundan şikayət edir. ABŞ-ın hərbi liderləri isə deyir ki, təlimlər müdafiə məqsədi daşıyır.

XS
SM
MD
LG