Accessibility links

Şimali Koreya yeni raketlərini sınaqdan keçirib


Şimali Koreya çərşənbə axşamı iki qısa mənzilli ballistik raket sınaqdan keçirib. Bu, bir həftədən daha az müddətdə həyata keçirilmiş ikinci sınaqdır və ABŞ-a qarşı diplomatik təzyiqi artırmaq üçün cəhd hesab edilir.

Sınaqları izləyən Cənubi Koreya ordusu raketlərin Şimali Koreyanın şərq sahillərində dənizə düşmədən əvvəl təxminən 60 kilometr yüksəkliyə çataraq 800 kilometr yol qət etdiklərini bildirir.

Yaponiya Müdafiə Nazirliyi raketlərin Yaponiyann hava hövzəsinə daxil olmadığını və Yaponiyanın müstəsna iqtisadi zonasının xaricinə düşdüyünü xəbər verib.

ABŞ ordusunun Hind-Sakit Okean Komandanlığı yaydığı açıqlamasında bildirilib ki, bu sınaq Şimali Koreyanın qanunsuz silah proqramının "sabitliyi pozan təsirini vurğulayır".

Sınaq zamanı hansı növ raketlərdən istifadə edildiyi barədə dəqiq məlumat yoxdur. Şimali Koreya 2019-cu ildən bəri bir neçə növ yeni, qısa mənzilli ballistik raket sınaqdan keçirib. Bu sınaq Şimali Koreyanın iki gün əvvəl yeni uzun mənzilli qanadlı raketini sınaqdan keçirdiyini iddia etməsindən sonraya təsadüf edib. Bu, eləcə də son altı ayda Pxenyanın həyata keçirdiyi ilk məlum raket sınağı idi.

Bu arada keçən ayın sonunda BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi Şimali Koreyanın yaxın zamanlarda Yongbyon nüvə mərkəzində plutonyum istehsal edən reaktorunu yenidən işə saldığını xəbər verib.

Bəzi analitiklər bu addımların Şimali Koreyanın nüvə danışıqlarının dayandığı bir vaxtda, ABŞ-la sövdələşmə əldə etmək üçün edilən cəhdlər olduğunu bildirir. Şimali Koreya tez-tez şifahi təhdid və ya silah sınaqları ilə gərginliyi artırdıqdan sonra diplomatiya ilə məşğul olur.

Son sınaqlar ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsinin Cənubi Koreya və Yaponiyadan olan həmkarları ilə görüşdüyü vaxta təsadüf edir.

Çərşənbə axşamı ABŞ xüsusi nümayəndəsi Vaşinqtonun heç bir ilkin şərt olmadan danışıqları yenidən başlatma təklifini təkrarlayıb. Və ABŞ-ın "nüvəsizləşdirmə sahəsində irəliləyişdən asılı olmayaraq" humanitar məsələlərdə Şimali Koreya ilə işləməyə hazır olduğunu bildirib.

XS
SM
MD
LG