Accessibility links

Şimali Koreyanın nüvəsizləşdirilməsi istiqamətində diplomatik irəliləyişə dair ümidlər azalır


Ekspertlər deyir ki, Vaşinqtonun Pxenyanla dialoq aparmaq səylərinə baxmayaraq, Şimali Koreyanın nüvəsizləşdirilməsi yolunda diplomatik irəliləyiş əldə etmək şansları azalır, çünki iki ölkə mövqeyini qorumağa davam edir.

"Diplomatiyanın azalan nəticələr verdiyini dərk etmək lazımdır," Atlantika Şurasından Robert Manninq bildirir.

İki ildir aparılan diplomatiyadan sonra Şimali Koreya Birləşmiş Ştatlara nüvəsizləşmə ilə bağlı yeni təklif irəli sürməsi üçün bu ilin sonunadək son möhlətinin olduğuna dair ultimatumunu təkrar edib. Pxenyanın təyin etdiyi son möhlət yaxınlaşdıqca rejim Vaşinqtona mövqeyini dəyişməsi üçün təhdidlərini artırıb.

Vaşinqton Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir. Pxenyan isə nüvəsizləşdirilmədən öncə ABŞ-ın sanksiyaları yüngülləşdirib, Cənubi Koreya ilə müntəzəm olaraq apardığı birgə hərbi təlimləri dayandırmağa çağırır və bu təlimləri rejimə hədə olaraq görür. Şimali Koreya lideri kim Conq Unla ABŞ prezidenti Donald Tramp arasında ictimaiyyət qarşısında mehriban münasibətlərə baxmayaraq, onların mövqeləri aylardır dəyişmir.

Dövlət katibinin Beynəlxalq Təhlükəsizlik və Nüvə Silahlarının Yayılmaması üzrə katibi bazar ertəsi bildirib ki, ABŞ hələ də Şimali Koreyanın “tam və təsdiqlənmiş şəkildə” nüvəsizləşdirilməsini istəyir.

Şimali Koreyanın xarici əlaqələr üzrə vitse-naziri Ri Tae Sonq bəyanat yayaraq, ABŞ-a “Koreya Xalq Demokratik Respublikasının ABŞ-a münasibətdə mövqeyini dəyişməsi üçün verdiyi son möhlətin yaxınlaşdığını” xatırladıb.

“ABŞ bunun üçün lazım olan zaman qazanmağa çalışır və davamlı və əsaslı dialoqdan bəhs edir, amma Koreya Xalq Demokratik Respublikasının gördüyü tədbirlərə cavab vermir", Sonq bildirib.

Bu bəyanat Şimali Koreyanın cümə axşamı iki raket sınağı keçirməsindən sonraya təsadüf edir.

ABŞ isə bazar ertəsi Şimali Koreyanı “təxribatdan uzaq durmağa və tam nüvəsizləşdirilmə əldə etmək üçün davamlı və əsaslı danışıqları bərpa etməyə” çağırıb.

Tramp çərşənbə axşamı deyib ki, ABŞ “ən güclü orduya malikdir” və “ümid edirik ki, biz Şimali Koreyanın ən son təxribatına cavab olaraq ondan istifadə etməli olmayacağıq”. “Lazım olsa, biz bunu edəcəyik” - deyə, Tramp Londonda NATO-nun iclasında iştirak edərkən bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG