Türkiyə prezidentinin müşaviri Yasin Aktay iki dəfə Oskar mükafatına layiq görülən kino-aktyor Şon Pennin öldürülən jurnalist Camal Xaşuqci haqda sənədli film çəkmək üçün Türkiyədə olduğunu bildirib.
Xaşuqçinin yaxın dostu olan Yasin Aktay rəsmilərə jurnalistin yoxa çıxdığı barədə məlumat verən ilk şəxs olub.
Penn Ankarada film üçün ilkin hazırlıqlar görəcək, onun daha sonra Xaşuqcinin nişanlısı ilə görüşü olacaq.
Türkiyə mətbuatı Pennin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu önündə çəkilişlər etdiyini göstərib.
ABŞ-da yaşayan və Washington Post qəzetinin yazarı olan Camal Xaşuqci şahzadə Məhəmməd bin Salman və Ər-Riyadın Yəməndə hərbi müdaxiləsinin kəskin tənqidçilərindən biri idi.
O, türkiyəli nişanlısı ilə evlənmək üçün lazım olan sənədləri almaq məqsədilə oktyabrın 2-də İstanbuldakı konsulluğa getmişdi. Onun cəsədi tapılmayıb və Türkiyə dəfələrlə Səudiyyə Ərəbistanı rəsmilərindən cəsədin yox edilməsində iştirak edildiyi güman edilən yerli əməliyyatçının şəxsiyyəti ilə bağlı məlumat vermələrini tələb edib.