Accessibility links

Şuşa şəhəri ətrafında ağır döyüşlər getdiyi bildirilir


Noyabrın 7-də Azərbaycan və Ermənistan qoşunları arasında şiddətli döyüşlər davam etməkdədir. Bəzi mənbələr Şuşa şəhəri ətrafında ağır döyüşlərin getdiyini bildirir. Hər bir tərəf digərinin çoxsaylı itkilər verdiyi barədə məlumatlar yayır.

Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Ordusunun daha 16 kəndə nəzarəti ələ aldığını bildirib.

“Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Əliyev Twitterdə yazıb.

Rəsmi məlumatlara görə, Azərbaycan Ordusu aktiv hərbi əməliyyatların başlanıldığı sentyabrın 27-dən noyabrın 7-dək 4 şəhər, 3 qəsəbə və 215 kənd üzərində nəzarəti ələ alıb.

Ermənistan rəsmiləri Azərbaycan Ordusunun irəlilədiyini etiraf etsə də yaşayış məntəqələrinin azad edildiyini hələ təsdiqləməyib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

“Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb. Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayının 1-ci taboru bölmələrinin şəxsi heyəti arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb,” nazirlik qeyd edir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan bildirib ki, Dağlıq Qarabağın “Müdafiə Ordusu”nun hissələri özlərini parlaq şəkildə göstərib.

“Şuşiyə (Şuşa) gedən yolda düşmən məhv edilib. Onlar döyüş meydanında onlarla deyil, yüzlərlə meyit qoyub. Karintaq müdafiəçiləri də digər yaxın kəndlərin müdafiəçiləri kimi özlərini qəhrəman kimi göstərdilər.”

Onun sözlərinə görə, Azərbaycan qüvvələri Şuşa ətrafına elitar bölmələr yerləşdirib, yaxşı silahlanıblar və uzunmüddətli döyüşlər apara bilərlər.

“Şəhərin müdafiəsi əməliyyatı davam edir. Əgər 8 May 1992-ci il şəhərin azad edilməsi günü olmuşdursa, bu günlər xalqımızın tarixinə Şuşinin (Şuşa) müdafiəsi günləri kimi düşəcəkdir. Ümumi vəziyyət dəyişib. Döyüşlər davam edəcək, lakin intensivliyi azalıb. Diversiya qruplarını məhv etmək üçün hərbi əməliyyatlar, Hadrut və bitişik kəndlər də daxil olmaqla davam etdirilir. Düşmən mühüm yol qovşağını ələ keçirməyə uğursuz cəhd göstərir,” Hovanisyan qeyd edib.

Onun sözlərinə görə, ermənilərin artilleriya, piyadalar və digər birləşmələri yaxşı döyüşür.

“Cəbhənin digər istiqamətlərində də ordu bölmələrimiz və polis Şuşidə (Şuşa) olduğu kimi təxribat qruplarını uğurla geri oturdub. Müharibə başlayandan artilleriyamız Şuşi (Şuşa) əməliyyatı dövründəki qədər uğurlu işləməyib. Vəziyyətin dəyişməsini təmin etmişik. Sabah çətin ki, eyni vəziyyət olsun. Şuşi (Şuşa) bizimdir, Şuşini (Şuşa) əldən vermərik. Əmin olun ki, Ermənistan Ordusu sona qədər döyüşəcək," o, qeyd edib.

Hər iki tərəf gün ərzində ərazilərdəki mülki yaşayış məntəqələrinin atəşə tutulması barədə məlumat yayıb.

Azərbaycan Baş Prokuroru bildirib ki, sentyabrın 27-dən noyabrın 4-dək Azərbaycanın ümumilikdə 92 mülki vətəndaşı həlak olub, 405 nəfər yaralanıb, 2735 yaşayış evinə, 98 çoxmərtəbəli binaya, 500 mülki infrastruktur obyektinə, minlərlə nəqliyyat vasitəsinə ziyan dəyib.

Prokurorluğun məlumatına görə, bu gün, noyabrın 7-də Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Şahmalı Rəhimov həlak olub, yaşayış evinə ciddi ziyan dəymib.

Ermənistanın ombudsmanı Arman Tatoyan bildirib ki, sentyabrın 27-dən indiyədək ümumilikdə 50 mülki şəxs həlak olub, 148 nəfər yaralanıb. Amma, bu məlumat müstəqil ekspertlər tərəfindən təsdiq edilməyib.

​2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının Dağlıq Qarabağ və onun ətrafındakı təmas xəttində intensiv döyüş əməliyyatları başlanıb. Ötən müddət ərzində Azərbaycan qüvvələri əhəmiyyətli irəliləyişə nail olublar.

XS
SM
MD
LG