Accessibility links

Şuşa şəhəri ətrafında atışma olduğu bildirilir


Şuşa şəhəri
Şuşa şəhəri

Azərbaycan Müdafiə Nazirliyi iyulun 15-də gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqelərinin atıcı silahlardan atəşə tutulduğunu bildirir.

Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, "atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb." Məlumatda qarşı tərəfin susdurulması məqsədilə cavab atəşinin açıldığı bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralananların olmadığını bildirir.

Rusiya Müdafiə Nazirliyi sülhməramlılarının yerləşdiyi mövqelərdə atışmaların olması barədə hələ məlumat yaymayıb. Eynui zamanda, erməni tərəfi də hələ baş verənlərə münasibət bildirməyib.

Bundan öncə, iyulun 13-14-də Şuşa ətrafında və Ermənistan Azərbaycan sərhədinin Naxçıvan Muxtar Respublikası hissəsində atışmaların qeydə alındığı haqda məlumat verilib. Tərəflərin hərbi rəsmilərinin məlumatlarına görə, atışmalar nəticəsində ölən və yaralanan hərbçilər olub.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, iyulun 13-də Şuşa şəhərinin şimal-qərbində yerləşən Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan dağınıq atəş müşahidə edilib.

"İnsident Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin səyləri ilə həll edilib. Hər iki tərəfin açıqlamalarına görə, atışma nəticəsində itki olmayıb," Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ermənistanın Müdafiə Nazirliyi iyulun 14-də baş verən atışma zamanı bir əsgərin həlak olduğu haqda məlumat verib. Nazirliyin məlumatına əsasən, insident Azərbaycan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində Yerasx istiqamətində öz mövqelərini irəli çəkməyə cəhd etdiyi zaman baş verib.

Azərbaycan Müdafiə Nazirliyi isə iyulun 14-də Naxçıvanda bir hərbçinin yaralandığını bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı bəyanatında Ermənistanı “bölgədəki kövrək sülhü pozmaq cəhdlərinə” görə qınayıb.

Keçən il Dağlıq Qarabağda Rusiyanın vasitəçiliyi ilə üçtərəfli razılaşma ilə sona çatan müharibədən sonra Azərbaycan və Ermənistan arasında sərhəddə gərginliklər davam edir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ Azərbaycan və Ermənistan arasında sərhəddə gərginliyin danışıqlar vasitəsilə həllinə dəfələrlə çağırışlar edib.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

XS
SM
MD
LG