Accessibility links

"Əbülfəz Elçibəy nəinki Azərbaycan tarixində, müsəlman ölkələrinin tarixində görünməmiş eksperiment aparmaq istəyirdi"


22 avqust Azərbaycanın 1992-1993-cü illərdə prezidenti olmuş Əbülfəz Elçibəyin vəfat etdiyi gündür. AzadlıqRadiosu onunla eyni komandada çalışmış şəxslərin fikirlərini öyrənib, xatirələrini bölüşməsini istəyib.

Söhbət ölkənin müstəqilliyinin qorunub-qorunmamasından gedirdi

Prezidentin mətbuat xidmətinin rəhbəri olmuş Arif Əliyev «çox mühüm günlərdə yanında işləmiş adamam» deyə söhbətə başlayır. Onun qənaətincə, Ə.Elçibəyin Azərbaycan siyasətində yeri tək bu gün yox, gələcəkdə də görünəcək: «Həmişə onun şəxsiyyəti, ictimai xadim kimi necəliyi ilə bağlı müzakirələr olur. Əbülfəz Elçibəy bütöv şəxsiyyət idi. Başqa məsələ ki, Əbülfəz Elçibəy nəinki Azərbaycan tarixində, ümumiyyətlə, müsəlman ölkələrinin tarixində görünməmiş eksperiment aparmaq istəyirdi. O, demokratiya, neft və Şərq məfhumunu bir ölkədə birləşdirmək istəyirdi. Hələ tarix belə vəhdət görməyib. Tarixdə elə müsəlman ölkəsi olmayıb ki, onun nefti də olsun, demokratiyası da. Düzdür, bu alınmadı. Amma mənə elə gəlir, Azərbaycan bu istiqamətdə bir yol getdi».

Əbülfəz Elçibəy nəinki Azərbaycan tarixində, ümumiyyətlə, müsəlman ölkələrinin tarixində görünməmiş eksperiment aparmaq istəyirdi. O, demokratiya, neft və Şərq məfhumunu bir ölkədə birləşdirmək istəyirdi.

O, mərhum prezidentə zaman-zaman hücumlar olduğunu söyləyir və bunu çoxlarının Elçibəyin əsas rolunu görməməklə, xırdalıqla izah edir.

Elçibəy Gəncə hadisələrindən sonra komandasına və xalqa məlumat vermədən gecəylə ucqar dağ kəndi Kələkiyə getdiyinə, radikal addımlar atmadığına görə çox tənqid olunur. Əliyevsə fərqli düşünür: «Əbülfəz Elçibəyin son qərarı – Heydər Əliyevin gətirilməsiylə bağlı qərarı hesab edirəm ki, bütün itkilərə, problemlərə baxmayaraq, Azərbaycanın o şəraitdə müstəqilliyini qorumaq üçün yeganə düzgün qərar idi. O qərar Azərbaycanı təlatümlərə, daxili çəkişmələrə salsa da, Rusiyanın planının pozulmasına xidmət edirdi. Hər halda həmin vaxt Azərbaycanın müstəqilliyini qorumaq üçün alternativ yol görmürdüm. Həmin vaxt söhbət ölkənin müstəqilliyinin qorunub-qorunmamasından, saxlanılıb-saxlanılmamasından gedirdi, tək hakimiyyətdən getmirdi».

Qurbanlıq prezidentlər

Prezidentin mətbuat xidmətinin rəhbəri kimi o, Elçibəyin Kələkiyə getməsindən xəbərsiz olduğunu və bu qərarın hakimiyyətdəkilərlə yox, AXC rəhbərliyi ilə müzakirə edildiyini güman edir.

Ölkənin ikinci dövlət başçısı haqda xatirələrini kitab şəklində dərc etdirmiş A.Əliyev mərhum prezidentin 1992-ci ilin dekabrında «The New-York Times»ın jurnalistləriylə söhbətini xatırlayır: «Jurnalistlər suallarını verəndən sonra soruşdular ki, «Cənab prezident, Sizin Amerika xalqına sözünüz varmı?» Müsahibə götürənlərdən biri qadın, digəri kişi idi. Həddən artıq sağlam görkəmləri var idi. Dekabrın oğlan çağı olsa da, dərilərinin rəngindən görünürdü ki, haradasa yaxşıca dincəlməkdən gəlirlər. Elçibəy dedi ki, «Amerika xalqına yox, sizə sözüm var, sizin hər bir imkanınız var, hara istəsəniz səfər edə bilirsiniz. Mənim bir xahişim var, gedin Gürcüstana, Ermənistana, Rusiyaya, Moldovaya və biz prezidentlərdən silsilə materiallar hazırlayın və seriyanın adını qoyun: «Qurbanlıq prezidentlər»». «Biz hamımız qurbanlıq prezidentlərik və yaxın vaxtlarda vəzifədən düşəcəyik» söylədi. O, öz gələcəyini və nəyi qurban verdiyini bilirdi. 1992-ci ildə parlamentdə deputatlar ayağa qalxıb əl çalanda ki, Elçibəy prezident olmalıdır, onda özü dedi ki, «məni zorla prezident seçdirmək istəyirsiniz, amma əl çala-çala seçdiyiniz prezidenti bir il sonra fitə basıb qovacaqsınız»​».

"Qarabağın azadlığı Təbrizin azadlığından keçir" deyirdi

«Əbülfəz Elçibəy Azərbaycan siyasətinin ən böyük mütəfəkkirlərindən, ideoloqlarından , dövlət xadimlərindən biridir. Onun dövlət strategiyası, kursu Azərbaycan dövlətinin və xalqının perspektivlərini əhatə edir», – keçmiş baş nazir Pənah Hüseyn söyləyir.

Əbülfəz Elçibəy Azərbaycan siyasətinin ən böyük mütəfəkkirlərindən, ideoloqlarından, dövlət xadimlərindən biridir.

O, həmin kursdan, strategiyadan kənara çıxmaların olduğunu desə də, ümumi xəttin Elçibəyin strategiyasına söykəndiyini bildirir: «Birillik prezidentliyi dövründə bu istiqamətdə ciddi işlər görüb. İstər hüququn bərqərar olması yönündə, istər təhsilin inkişafı, istər iqtisadi inkişaf modelinin yaradılması, istərsə də insan hüquq və azadlıqlarının bərpasına və inkişafına söykənən cəmiyyətin qurulması yönündə ciddi addımlar atıb».

Pənah Hüseyn
Pənah Hüseyn

Hüseyn Ə.Elçibəyi təkcə dövlət xadimi kimi yox, həm də geopolitik kimi yüksək dəyərləndirir. Onun bəzi ideyalarının fantastik göründüyünü vurğulayır: «Məsələn, «Qarabağın azadlığı Təbrizin azadlığından keçir» deyirdi, bütöv Azərbaycan ideyası, türk dünyasının birliyi kimi ideyalar fantastik idi...».

Pənah Hüseyn Elçibəylə 1984-cü ildə Moskvada aspiranturada təhsil aldığı zaman tanış olduğunu bildirir. Keçmiş baş nazir mərhum prezidentin çox yüksək mədəniyyət sahibi olduğunu da vurğulayır: «1984-cü ildə kiçik qızımın bir yaşını kirayə qaldığım otaqda qeyd edirdik, Elçibəy, Nəsib Nəsibzadə, başqa dostlarla bir yerdəydik. Xanımım biryaşlı balacayla içəri girəndə Əbülfəz bəy ayağa durdu. Sonra prezident olanda da müşahidə etdim ki, xanımlar içəri girəndə o ayağa qalxırdı. «Xanımlar içəri girəndə kişilər ayağa durmalıdır» prinsipinə ömrünün axırına qədər sadiq qaldı. Bu, onun insanlara münasibətinin, böyük bir kişi olmasının simvolu idi».

"Göründüyü kimi sadə adam deyildi"

Elçibəy hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbər isə onu çağdaş milli azadlıq hərəkatının və postsovet dövründə ilk məxməri inqilabın lideri kimi dəyərləndirir. O, Azərbaycan cəmiyyətinin Ə.Elçibəyi tam şəkildə tanımadığı qənaətindədir: «O, tək dünyanı dərk edən, siyasəti dərindən bilən, tarixçi alim deyildi, o, çoxyönlü şəxsiyyət idi. Göründüyü kimi sadə adam deyildi, həm elmi, həm də siyasi baxımdan çox dərin adam idi, strateji vizyonu olan şəxsiyyət idi. Çox təəssüf ki, Azərbaycan siyasətində belə siyasətçilər çox azdır».

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Əkbər Elçibəylə ilk dəfə Kələkidə Sərdar Cəlaloğlunun vasitəçiliyi ilə tanış olduğunu bildirir. Onunla ikinci dəfə Bakıda Əlyazmalar İnstitutunda görüşdüklərini xatırlayır: «Orda maraqlı söhbətlər gedirdi, ortaya bir qutu da qoyulmuşdu, kim rus kəlməsi, ifadəsi işlədirdisə, qutuya cərimə olaraq qəpik pullar atırdı. Sonra biz Fəvvarələr bağına düşdük, «Araz» kinoteatrının yanındakı bir kafedə oturub çay içdik. Bizi izləyən yaşlı bir kişi də gəlib oturdu. Azı 65 yaşı olardı, saçı tökülmüşdü. Mənə qəribə gəldi. Mən işarə etdim ki, çağrılmamış qonağımız var. Əbülfəz bəy cavab verdi ki, «fikir vermə, mən adət etmişəm, söhbətini elə»».

Sülhəddin Əkbər onun prezident kimi fəaliyyəti haqda çox danışmaq istəmir, «mövzu siyasiləşəcək» söyləyir: «Mən xüsusi xidmət orqanında çalışmışam. Onunla çox söhbətlərimiz olub. Bir onu deyim ki, ciddi məsələlərdə fikir ayrılıqlarımız olurdu, iş fəaliyyətimizdə isə sərbəstlik vermişdi. 1993-cü ilin aprelin sonlarından onunla görüşmədim. Ciddi fikir ayrılıqları yaranmışdı, münasibətlərimizdə ciddi problem var idi».
Tarixçə

Əbülfəz Elçibəy ötən əsrin 80-ci illərinin sonlarında başlanan milli azadlıq hərəkatının liderlərindən biri olub. O, elə SSRİ dönəmində, 1975-ci ilin yanvarında millətçi və antisovet təbliğatı aparmaqda günahlandırılaraq həbs edilib. Bir il sonra 1976-cı il iyulun 17-də azadlığa çıxıb.

Elçibəy Xalq Cəbhəsi təşkilatının sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.

1993-cü il iyunun 4-də ölkənin ikinci şəhəri Gəncədə baş verən silahlı itaətsizlikdən sonra o, hakimiyyəti itirib. Həmin il iyunun 17-dən 18-nə keçən gecə Ə.Elçibəy Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb. Elçibəy bu addımını vətəndaş müharibəsindən yayınmaq kimi izah etmişdi.

Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında vəfat edib. O, Türkiyənin Gülhanə hərbi hospitalında müalicə alırdı.

Ə.Elçibəyin birillik hakimiyyəti daha çox ölkənin təhsil ocaqlarına qəbulda test üsulunun tətbiqi və Rusiya qoşunlarının Azərbaycandan çıxarılması ilə xatırlanır.

(c) AzadlıqRadiosu

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG