Accessibility links

Ədliyyə Komitəsində Trampın impiçment araşdırması ilə bağlı dinləmələr


Çərşənbə günü demokratların əksəriyyət təşkil etdiyi Nümayəndələr Palatasında prezident Donald Trampın impiçment prosesi ilə bağlı dinləmələr davam etdirilir. Nümayəndələr Palatasının Ədliyyə Komitəsi qarşısında 4 hüquqşünas ifadə verir.

Komitə bazar ertəsi günü hüquqşünas professorların adlarını açıqlayıb. Bunlar Harvard universitetinin professoru Noa Feldman, Stanford universitetinin professoru Pamela Karlan, Şimali Karolina iniversitetinin professoru Maykl Gerhardt və Corc Vaşinqton universitetinin professoru Conatan Törlidir.

Açılış nitqində Şimali Karolina iniversitetinin professoru Maykl Gerhardt deyib ki, Konqres buna imza atmazsa, impiçment prosesi və bununla yanaşı, "Konstitusiyamızın Amerika torpaqlarında bir krallıq qurulmasına qarşı diqqətli şəkildə hazırlanmış təminatlar bütün mənasını itirmiş olacaq."

“Heç kim, hətta prezident belə Konstitusiyamızdan və qanunlarımızdan kənarda qala bilməz” - deyə, Gerhardt bildirib.

Noa Feldman bildirib ki, hakimiyyətdən sui-istifadə səlahiyyətli şəxsin öz maraqlarını ictimai rifahdan üstün tutması deməkdir.

Feldman, Karlan və Gerhardt yekdilliklə razılaşıblar ki, prezidentin Ukrayna ilə bağlı əməlləri hakimiyyətdən birbaşa sui-istifadədir.

Dinləmələr Kəşfiyyat Komitəsinin 300 səhifəlik hesabatının təqdimatından bir gün sonra keçirilir. Ədliyyə komitəsinin üzvləri Trampa qarşı impiçment maddələrinin hazırlanıb-hazırlanmamasını müəyyən edir.

Bugünkü dinləmələr Trampın vəkili olmadan keçirilir.

Prezident “bütün bunlar yalan olduğu üçün” dinləmələrə nümayəndə göndərməyəcəyini deyib.

Tramp həmçinin dinləmələri onun Londonda NATO sammitində iştirak etdiyi vaxt keçirdiyinə görə demokratları tənqid edib.

O deyib ki, impiçment "mistifikasiyası" hər yeri bürüyüb.

"Respublikaçılar heç vaxt olmadıqları qədər birlik nümayiş etdirir. Mən həyatımda belə bir şey görməmişdim"- deyə, Tramp əlavə edib.

Tramp həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti ilə heç vaxt “əvəz-əvəz mövqeyindən” danışmadığı haqda yeni şərhlərinə diqqət çəkib.

Zelenski Time, Le Monde, Der Spiegel və Gazeta Wyborcza jurnallarına müsahibələrində Ukraynanın Rusiya ilə müharibə vəziyyətində olduğu bir vaxt Birləşmiş Ştatların Kiyevin strateji tərəfdaşı olaraq hərbi yardımı bloklamamalı olduğunu bildirib.

“Fikrimcə, söhbət sadəcə ədalətdən gedir. Məsələ əvəz-əvəzdə deyil” - deyə, Zelenski müxbirlərə deyib.

Tramp bu açıqlamalardan demokratların onun Ukraynaya yardımı Kiyevin ABŞ prezident seçkilərində namizədliyini irəli sürmüş keçmiş demokrat vitse-prezident Co Baydenlə bağlı təhqiqata kömək etməyənə qədər saxladığına dair iddialarına qarşı müdafiə kimi istifadə edib.

Konqresin təhqiqatçıları prezident Trampın Ukraynaya 2020-ci il ABŞ prezident seçkilərində ona rəqib ola biləcək öncül demokrat namizəd Co Baydenlə bağlı təhqiqat aparmaq üçün təzyiq göstərərək, səlahiyətlərindən sui-istifadə edib-etmədiyini araşdırır.

Nümayəndələr Palatasının respublikaçı üzvləri hesabatda impiçment üçün inandırıcı dəlillər olmadığını bildirib.

Aparıcı respublikaçı nümayəndə Daq Kollinz qanunvericilərin impiçment araşdırmasını tənqid edərək, demokratları xüsusi prokuror Müllerin əldə etdiyi nəticələri yenidən nəzərdən keçirmək istəməkdə günahlandırıb.

“Əgər prezidentlər əsas sübutlar deyil, fərziyyələrə əsalanan partiyalararası siyasi fikir ayrılıqlarına görə impiç edilsə, bu, təsisatın təməlli şəkildə şübhə alrtına alınması deməkdir”- deyə, o bildirib.

Kollinz prezidentlə bağlı bütün ittihamların uğursuzluğa məhkum olacağı barədə xəbərdarlıq edərək, bunun Amerika xalqı və onun siyasi sisteminə güclü zərbə olacağını deyib.

Onun sözlərinə görə, baş verənlər Amerika elektoratına Vaşinqton siyasətçilərinin seçkiləri şübhə altına aldıqlarının sübutu olacaq və seçicilər növbəti dəfə səs verdikdə bu səsvermənin də etibarsız hesab ediləcəyini düşünəcək.

Şərhlərə bax

XS
SM
MD
LG