Accessibility links

Əfqanıstan böhranının səbəbləri və gözlənilən nəticələri – ekspertlərin şərhləri


Əfqanıstandakı siyasi böhran dünyada və regionda ekspertlərin diqqət mərkəzində qalmaqdadır. Ekspertlərin fikrincə, hazırda davam edən siyasi böhran bir çox qonşu ölkələr, o cümlədən Avropa üçün miqrant problemləri yaşadacaq. Bəzi ekspertlər radikalizmin, anti-qərb ritorikasının artacağını düşünür.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nağı Əhmədov Amerikanın Səsinə müsahibəsində Əfqanıstandakı son olayların regional təsirləri və Əfqanıstandakı Azərbaycan sülhməramlılarından danışıb.

Onun fikrincə, Əfqanıstanda baş verən son proseslərin regional təsirləri qaçılmazdır.​

Əfqanıstanda böhranın regional təsirləri - eskpert Nağı Əhmədov şərh edir
please wait

No media source currently available

0:00 0:03:15 0:00

"Biz region dedikdə əsasən Çin, Mərkəzi Asiya, eyni zamanda Cənubi Asiya, İranı qeyd edə bilərik. Bu bölgələrə xüsusi ciddi təsir etməkdədir. Çinin narahatlığı əsasən bu ölkədə yaşayan uyğurların taliblərlə müəyyən terror əlaqələri və bunun Çinə ixrac olunmasıdır. Çin tərəfi bu narahatlığını Pekində Çinin xarici işlər naziri ilə taliblər arasında olan son görüşdə ifadə etmişdi. Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin sərhəd bölgələrində yerləşən etnik qrupların və terror təşkilatlarının üzvlərinin həmin ölkələrə sıçrayacağı təhlükəsi var. Həmin ölkələr bu barədə ciddi narahatlıq keçirir. Eyni zamanda, İran da öz sərhəd bölgəsindən narahatdır. Əfqanıstanda həmçinin İrana yaxın olan həzaralar etnik qrupları var ki, bunlar şiədir və Talibanla ciddi ideoloji fərqləri var. İran o etnik qrupların təhlükəsizliyi, eyni zamanda öz sərhədlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq keçirir," ekspert bildirib.

Nağı Əhmədov, yeni qaçqın dalğasının region ölkələri üçün yarada biləcək problemlərə toxunub.

"Qaçqın dalğası son on illiklərdə xüsusilə qabarmağa başlayıb. Əfqanıstanda baş verən bu proseslər də əhalinin ciddi şəkildə ölkədən köç etməsinə səbəb olub. BMT-nin rəsmi məlumatına görə, son altı ay ərzində ölkə daxilində və ölkə xaricində 400 minə yaxın qaçqın yaranıb. Təkcə ötən ay bir həftə ərzində 2 400 qaçqının Tacikistan ərazisinə keçdiynin şahidi olduq. Eyni zamanda, sayı bəlli olmayan əfqan çaçqınlarının İran ərazisi vasitəsi ilə Türkiyəyə daxil olduğunu və Türkiyənin sərhəd qoşunlarının öz fəaliyyətini ciddiləşdirdiyinin şahidi oluruq. Bütün bunlar, regionda yeni miqrasiya problemlərinin yaradacağını deməyə əsas verir. Ümid edirik ki, bu məsələdə həmin dövlətlər daha stabil, daha cəmiyyətə adaptasiya olunan bir yol tapacaqlar," Nağı Əhmədov bildirib.

Ekspert Azərbaycan sülhməramlı qüvvələrinin Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidmətini davam etdirməsini qeyd edib.

"Azərbaycan sülhməramlıları Müdafiə Nazirliyinin də rəsmi olaraq bəyan etdiyi kimi Kabul aeroportunun təhlükəsizliyi məqsədi ilə öz fəaliyyəini davam etdirir. Sülhməramlıların çıxarılması məsələsinə gəldikdə isə Azərbaycan sülhməramlıları Əfqanıstanda Türkiyə hərbçiləri ilə birgə fəaliyyət göstərir. Ona görə də Azərbaycan hərbçilərinin oradan çıxarılması qərarı Türkiyə ilə məsləhətləşmələrdən sonra verilə bilər. Türkiyə prezidenti Ərdoğanın da bəyan etdiyi kimi Türkiyənin Kabul aeroportunun təhlükəsizliyini öz öhdəsinə götümərk niyyəti var. Əgər bu proses davam edərsə, razılaşma əldə olunarsa Azərbaycan tərəfinin sülhməramlı kimi orada fəaliyyətini davam etdirməsi nəzərdən keçirlə bilər," o bildirib.

Anar Məmmədli: Əfqanıstanda anti-Taliban elitası parçalanıb və zəifləyib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 12 il əvvəl Əfqanıstanda prezident seçkiləri üzrə beynəlxalq yardım qrupunun üzvü kimi çalışıb.

Anar Məmmədli
Anar Məmmədli

Anar Məmmədli Əfqanıstanda olarkən ölkədəki siyasi qurumlarla görüşlər keçirib, ictimai-siyasi nüfuza malıik insanlarla təmasda olub.

O hesab edir ki, Talibana sadəcə terror təşkilatı demək yanlışdır.

“Bu qurum ölkədə üzvləri, tərəfdarları və könüllüləri olan siyasi hərəkat kimi yaranıb və fəaliyyət göstərir. Amma əfqan xalqı Talibanı sevir demək də yanlışdır. Sadəcə Talibanın digər siyasi təşkilatlardan ən ciddi fərqi bu qurumda klan, tayfa, bölgə və ya etnik kimliyin üstkimlik kimi önəm kəsb etməməsidir. Əfsus ki, ötən 20 ildə digər siyasi təşkilatlar məhz klan, tayfa, bölgə və ya etnik kimliyə önəm vermələri ilə bir-birindən o qədər də fərqlənmədilər” o qeyd edir.

Məmmədli hesab edir ki, Həmid Kərzai və Əşrəf Qaninin prezidentliyi dövründə korrupsiyanın çiçəklənməsi, qohumbazlıq və klançılığın idarəçilikdə "əsas bəlalardan" olmasıdır.

Ölkəni son 16 ildə idarə etmiş anti-Taliban düşərgəsi və ya elitasının parçalanmasını, zəifləməsi və son iki həftə ərzində ölkəyə nəzarətini tamamilə itirməsini 2009-cu ilin prezident seçkiləri və sonrası yaşanan olaylara bağlamalıyıq.

“Amma fikrimcə ölkəni son 16 ildə idarə etmiş anti-Taliban düşərgəsi və ya elitasının parçalanmasını, zəifləməsi və son iki həftə ərzində ölkəyə nəzarətini tamamilə itirməsini 2009-cu ilin prezident seçkiləri və sonrası yaşanan olaylara bağlamalıyıq. Xüsusən də hazırda Milli Barışıq üzrə Ali Şuraya rəhbərlik edən Abdullah Abdullahın siyasi alyansına qarşı yol verilən ədalətsizliklərə nəzər salmalıyıq. Abdullah həm Kərzai, həm də Qaninin prezident seçkilərində əsas rəqibi olub. Onun digər iki siyasi liderdən fərqi budur ki, həm Sovetlər, həm də Talibana qarşı siyasi mübarizədə mücahidlərin yanında olub, mühacirətə getməyib. İki ilə yaxın dönəmdə isə Şimal Alyansının lideri Şah Məsudun xarici siyasi məsələlər üzrə müşaviri olub. Yeri gəlmişkən, 2004-cü ildə keçid höküməti qurulundan bəri daim keçmiş mücahidlərlə mühacirlər arasında qarşılıqlı etimad və əməkdaşlıq məsələsində anlaşılmazlıq olub. Məsələn, ABŞ və beynəlxalq institutların “sevimli adamı” olan Kərzai və Qanidən fərqli olaraq, Abdullaha beynəlxalq çevrələrdə etimad uzun müddət yüksək olmayıb. Çünki suverenlik, müstəqillik və Talibanla mübarizə məsələsində Şah Məsudun xəttinin davamçısı olub.”

Seçki məsələləri üzrə beynəlxalq ekspert Əfqanıstanda keçirilən prezident seçkilərində dinamika ilə bağlı fikirlərini bölüşüb.

2014-cü ilin prezident seçkilərində ilk turun nəticəsinə görə Abdullah 45 faiz, Əşrəf Qani isə 31 faiz səs qazanmışdı. Amma ikinci turda Qaninin səsləri 55 faizə qalxdı. Abdullah bütün iri şəhər və vilayətlərdə səslərin yarısından çoxunu qazanmışdı.

“2009-cu ildə ciddi qanun pozuntuları ilə keçən seçkilərdə Kərzainin nəzarətində olan seçki komissiyası ilkin nəticələri açıqlamadı. Komisiya qeyri-rəsmi şəkildə beynəlxalq təşkilatlara, o cümlədən yerli siyasi qruplara bildirdi ki, Abdullah 27 faiz səs qazanıb. Amma Kərzai də 50+1 səs qazanmamışdı… 2014-cü ilin prezident seçkilərində ilk turun nəticəsinə görə Abdullah 45 faiz, Əşrəf Qani isə 31 faiz səs qazanmışdı. Amma ikinci turda Qaninin səsləri 55 faizə qalxdı. Abdullah bütün iri şəhər və vilayətlərdə səslərin yarısından çoxunu qazanmışdı, Şah Məsudun doğulduğu Panjir vilayətində isə 87 faiz seçici ona səs vermişdi. Ölkədə anti-Taliban düşərgəsi iki yerə parçalanmışdı. Qaniyə iri şəhərlərdə rəğbətin olmadığı açıq-aşkar görünürdü. Xüsusən də keçmiş mücahidlər və hərbi qüvvələr arasında onun nüfuzu aşağı idi. Amma beynəlxalq müdaxilə nəticəsində Abdullah onun qələbəsini tanıdı və siyasi saziş imzalandı. Abdullah bu sazişə əsasən baş nazir səlahiyyətlərinə yaxın Baş İcraçı vəzifəsini tutacaqdı. Amma Qaninin komandası ilə vaxtaşırı problemləri yarandı.

Nəhayət, 2019-cu ilin oktyabrında keçirilən prezident seçkilərində analoqu olmayan olaylardan biri yaşandı. Seçki Komissiyası ilkin nəticələri 2 ay açıqlaya “bilmədi”. Yalnız dekabrın 22-də çıxıb elan etdilər ki, Qani səslərin 50.67 (?) faizini qazanıb. 2020-ci ilin fevralında isə yekun nəticələr açıqlandı və Qani prezident elan edildi. Bununla razılaşmayan Abdullah tərəfdarları onu prezident elan etdilər və ölkənin şimal əyalətlərində Qaniyə qarşı etimadsızlıq başladı. 2009-cu ildə başlayan anti-Abdullah düşmənçiliyi yeni siyasi böhranı gətirdi. Üç ay ərzində ölkənin Talibanın nəzarətindən kənar şimal əyalətlərində Abdullah prezident sayıldı və onun təmsilçiləri vilayət başçıları elan olundu. Nəhayət, ABŞ-ın uzun sürən təzyqilərindən sonra ötən ilin mayında bu iki liderin koalisyon höküməti quruldu. Amma bu hökumətin də ömrü bir il 2 ay sürdü.”

Ekspert hesab edir ki, əfqan cəmiyyətinin hazırda "Talibana biganə qalması, ordunun laqeydliyi və siyasi idarəçilərin yarıtmazlığı ötən 10 ildə dərinləşən siyasi uçurum"la bağlıdır.

“Abdullahın ötən 10 ildə beynəlxalq dəstəyi olsaydı və ya Qani/Kərzai rejimlərinə müqavimət göstərəndə ABŞ və müttəfiqləri tərəfindən “ölkənizə yardımları kəsəcəyik” şantajı ilə üzləşməsəydi, mövcud rejim Talibanın qarşısından bu qədər rüsvayçı şəkildə çökməzdi,” seçki məsələləri üzrə beynəlxalq ekspert Facebook səhifəsində qeyd edib.

Şahin Hacıyev: Əfqanıstan dünya üçün böyük bir sualdır

Şahin Hacıyev: Əfqanıstan dünya üçün böyük bir sualdır
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Turan Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində Əfqanıstanda baş verən son hadisələrlə bağlı fikirlərini bölüşüb. O, son 50 ildə Əfqanıstana çox güclü xarici təsirin olduğunu vurğulayıb. Taliban qüvvələrinin paytaxt Kabilin nəzarətini qısa bir zamanda ələ keçirməsini qeyd edən Şahin Hacıyev "Əfqanıstanda baş verən proseslərin dünya ictimaiyyəti tərəfindən tam dərk edilmədiyini" hesab etdiyini deyib.

Şahin Hacıyev
Şahin Hacıyev

“Bu özlüyündə göstərir ki, bu ölkədəki vəziyyəti bütün dünyada dərk etmirlər. Əfqanıstan dünya üçün bir böyük sualdır.”

Hacıyev Əfqanıstandakı siyasi böhranın siyasi təsirlərindən danışarkən deyib ki, regional təsirlər siyasi hakimiyyəti kimin ələ alacağından asılı olacaq.

“Hakimiyyəti anti-qərb, qisasçı şəxslər ələ alarsa Bin Ladenin yolu ilə gedəcəklər. Bu qüvvələr deyəcək ki, gərək qərbdən qisas alaq, onlarla müharibə edək. Bu yeni regional müharibələr deməkdir. Nisbətən adekvat insanlar hakimiyyətə gələrsə islam dövləti yaradacaqlar. İslam qanunları ilə yaşamaq istəyəcəklər. Belə olan halda müəyyən xarici dövlətlər, qüvvələr, ilkin olaraq Səudiyyə Ərəbistanı, Pakistan və digər dövlətlər onlara kömək edəcək. Burada dini faktorun böyük əhəmiyyəti var. Çünki Əfqanıstanda həm sünni, həm də şiə əhalisi kifayət qədər çoxdur. Təbii ki, İran da müdaxilə edəcək və dini faktor siyasi vəziyyətin hələ uzun müddət qeyri-stabil ola biləcəyinin səbəbi olacaq. Ona görə də bu dövlətin gələcəyi sual altındadır və heç bir perspektiv görünmür,” ekspert qeyd edib.

XS
SM
MD
LG